Novruzun ilk müjdəçisi – Su çərşənbəsi

Novruz bayramı Azərbaycan xalqının etnik-mədəni düşüncəsində məxsusi yerə sahibdir. Bu bayramın ayinlər sistemi bizi birliyə, bərabərliyə səsləyir, yaşamaq həvəsimizi artırır.

Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində xalqımızın sarsılmaz birliyi sayəsində əzəli Qarabağ elimizi işğaldan qurtardıq. 30 ilə yaxın idi ki, yağı tapdağında olan yurd yerlərimizdə Novruz tonqalı yandırılmırdı. Uzun həsrətdən sonra həm də bu ulu bayramımız Qarabağa qayıdır. Mədəniyyətimizin paytaxtı Şuşada yandırılacaq bayram tonqalının şöləsi ətrafa yayılacaq...

Xalqımız Novruzun barışdırmaq, birləşdirmək mahiyyətini bir bayatıda necə də gözəl ifadə edib:

Orda axan arxdımı,
Üzündə duvaqdımı?
Novruz gəlib yetişdi,
Ayrı duran vaxtdımı?

Novruz həm də həyatın ritmidir. Bu ritmi, ahəngi yaradansa onun əsas atributları olan su, od, yel, torpaq ünsürlərini əhatə edən mərasimlər, ilaxır çərşənbələrdir.

Ömrü 40 gün olan Böyük çillə və 20 gündə az qala qışın bütün çilə-əzabını insanlara yaşadan Kiçik çillə sovuşandan sonra təbiətin daha çox tərəddüdlərinin müşahidə olunduğu Boz ay başlanır. Bizi Novruza qovuşduran ilaxır çərşənbələr sıralanır.

Ötən axşam (23 fevral) xalq arasında həm də “əzəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə” adlandırılan Su çərşənbəsini qeyd etdik. Bu dəfə Su çərşənbəsi yurdumuza həm də qar-boranla qədəm qoydu. Amma ulularımız deyib, Boz aydır, çovğunlu havası ilə bozarar da, günəşli günləri ilə qızarar da. Həm də qar-yağış da bərəkətdəndir.

Su yaradılışın əsaslarından biri olmaqla insan orqanizminin də böyük hissəsini təşkil edir. Əski çağlardan insanlar suya həssas yanaşıblar. Məsələn, bir nümunədə deyilir ki, sübh vaxtı, axşam çağı suyun başına gedəndə salam vermək lazımdır. Suda Qarı nənə adlı bir şəxs yaşayır. Əgər ona salam verməsən, acığı tutar, sənə xətər toxundurar. Bu da ulularımızın suya olan sayğısının göstəricisidir.

İnanclara görə, süfrəyə su dağılması aydınlıqdır, əzizini evdən yola salanda arxasınca su atmaq da xoş diləkdən soraq verir. Əcdadlarımıza görə, su içən adama qəfil toxunmazlar, su içən insanı ilan çalmaz, lal axan sudan keçməzlər...

Qorqud atanın çoxsaylı xeyir-duası arasında da suyla bağlı məqamlar var. Məsələn, “Qamən axan görklü suyun qurumasın” alqışı suyun insan həyatında önəmini ortaya qoyur. El arasında belə bir deyim var: “Qanı qanla yumazlar, qanı su ilə yuyarlar”. Bu, ilk növbədə, barışığa çağırış mahiyyəti daşısa da, suyun təmizləmə xüsusiyyəti ikinci qatda ifadə olunur. Burada söhbət həm də mənəvi təmizlikdən gedir...

El-obamızda Novruz bayramında və bu ərəfədə axar suyun böyük qüdrətə sahib olması düşüncəsi hakimdir: “Yazda gələn ilk selin qabağından kim su götürüb içsə, hər dərdi sağalar”, “Suya salam verməsən, sənə qarğış eləyər”, “Suyu hədər yerə qaynatmaq günahdır, su adama nalə edər”, “Novruzda süzülən plovun suyunu ağacların dibinə tökərlər, neçə il bar verməyən ağac bar verər” və s.

İnanca görə, Su çərşənbəsində suyun üstündən atlananlar ilboyu azar-bezar görməz. Bu inam aşağıdakı nümunədə də əksini tapıb:

Sel çapar, su çapar,
Bir günah işlədim,
Gəl onu tut, apar.
Sel çapar, su çapar,
Gəl apar, gəl apar...

Suyumuz həmişə axar-baxarlı olsun!

Martın 2-də Od çərşənbəsini qeyd edəcəyik.

Fariz YUNİSLİ