Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə dövrün və əslində bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb.

“Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.

“Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.

Tikantək çiynində tut yarağını,
O vaxt qucaqlarsan gül budağını.
İnsanı sarsıdar göz yaşı, nalə,
Ah çəkib, of deyən yetməz kəmalə!

(“Leyli və Məcnun”)

Ağac əkən zaman elə yerdə ək
Ki, yəqin biləsən o bar verəcək

(“Xosrov və Şirin”)

Biri pislik etmiş olarsa sənə,
Sən yaxşılıq etsən bir özgəsinə -
Onu da, bunu da yad etmə əsla;
Dilini həmişə yamandan saxla.

(“İsgəndərnamə” – “İqbalnamə”)

Həddən çox yeməyə etməsən adət,
Mədəni doldurmaq zəhmətdir, zəhmət.

(“İsgəndərnamə” – “Şərəfnamə”)

Məmləkətin dayağı ədalətdir hər zaman,
Ədalətin nəsibi səadətdir hər zaman.

(“Sirlər xəzinəsi”)

İnsan yem dalınca qaçmasın gərək,
Quşdan ayıq olsun, zirəkdən zirək.

(“Yeddi gözəl”)