Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və “İdrak” liseyinin birgə təşkilatçılığı ilə  fevralın 25-də Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş “Xocalı – qaranlıqdan işığa” adlı videokonfrans keçirilib.

Videokonfransda kitabxananın elmi işlər üzrə direktor müavini  Zahirə Dadaşova, “İdrak” liseyinin direktoru Fikrət Qasımov, tədqiqatçı-jurnalist, Xocalı faciəsinin şahidi Səriyyə Müslümqızı, liseyin müəllim və şagird kollektivi iştirak ediblər.

Zahirə Dadaşova çıxışında Xocalı faciəsinin ədəbiyyatımızda təcəssümündən söz açaraq uşaq yazarlarından Sevinc Nuruqızının “Qisas”, Ələmdar Quluzadənin “Qadan mənə, Qarabağ”, Qəşəm İsabəylinin “Leyləyin intiqamı”, habelə Səriyyə Müslümqızının “Onlar heç vaxt böyüməyəcək”, “Xocalı uşaqları – qar içində qan çiçəyi”, Elxan Elatlının “Cəhənnəmdən gələn səs” və digər kitablar, Sevinc Elsevərin “Ürəyində bir arzu tut” əsəri əsasında hazırlanmış və Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulmuş “Arzu və Murad” tamaşası haqqında məlumat verib.

Qanlı hadisələrin şahidi, “Xocalının səsi” qəzetinin redaktoru olmuş Səriyyə Müslümqızı 1992-ci ilin 26 fevral gecəsinin yaddaşında bir kabus kimi həkk olunduğunu deyib, yaşadığı dəhşətin xatirələrini kitablarına köçürdüyünü bildirib.

Onlayn görüşdə məktəblilərin sualları cavablandırılıb, “Onlar heç vaxt böyüməyəcək” əsərindən uşaqların hazırladıqları  videoslayd təqdim edilib.