2021-ci ildə Qətərin paytaxtı Doha “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib.  “Doha – İslam dünyasının mədəniyyət paytaxtı – 2021”in açılış mərasimi videokonfrans formatında keçirilib.

Mərasimdə çıxış edən İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İCESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik diqqətə çatdırıb ki, İslam mədəniyyəti paytaxtı tədbirləri şəhərlərin tarixini, mədəni irsini və turizm potensialını tanıtmaq baxımından çox əhəmiyyətlidir.

Qətər paytaxtının ərəb regionunda “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsinin əhəmiyyətindən bəhs edən İCESCO rəhbəri bildirib ki, proqramın həyata keçirildiyi 2005-ci ildən bəri 50 şəhər bu adı daşıyıb. Həmin paytaxtlarda olan zəngin mədəni irs ilə yanaşı, onların yerləşdiyi ölkələrdə İslam sivilizasiyasının nümunələri də təbliğ olunub. Xatırladaq ki, Azərbaycandan Bakı (2009), Naxçıvan (2018) şəhərləri “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub.

Salim əl-Malik təəssüflə qeyd edib ki, silahlı münaqişələrin baş verdiyi bir çox İslam ölkəsində tarixi mədəniyyət abidələri vandallar tərəfindən dağıdılıb. O, təşkilata üzv ölkələri maddi mədəni irs abidələrinin bərpası istiqamətində həyata keçiriləcək tədbirləri dəstəkləməyə çağırıb.