Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Xaçmaz rayon komitəsinin üzvləri və rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidi Samir Mustafayevin ailəsini ziyarət ediblər.

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanası Uşaq şöbəsinin əməkdaşları Birinci Qarabağ müharibəsi qazisi Sahib Əhmədovla, I Nügədi kənd kitabxanasının əməkdaşları isə Vətən müharibəsi qazisi Sahib İsmayılovla görüşlər keçirib, onlara mənəvi dəstək olublar.

***

Şəki Regional Mədəniyyət İdarəsi M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan tədbir keçirilib. Mərkəzin foyesində yaradılmış şəhidlərin xatirə stendinin önünə gül-çiçək dəstələri düzülüb, qəhrəmanların həyat və döyüş yoluna nəzər salınıb.

Şəki şəhər Uşaq incəsənət məktəbinin direktoru Eldar Rəcəbov və bir qrup əməkdaş “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində Vətən müharibəsi şəhidi Vasif Həmidov və Nicat İsmayılovun ailələrini ziyarət edərək onlara maddi və mənəvi dəstək göstəriblər.

Məktəbin əməkdaşları həmçinin Vətən müharibəsi qaziləri Ülvi Qeybullayev, Qaçay Abdullayev və Asif Məmmədəliyevə baş çəkərək onlara bayram sovqatı aparıblar.

Oğuz rayon MKS-nin Baş Daşağıl kənd kitabxana filialı, kənd Sənətkarlıq klubu, kənd tam orta məktəbinin kollektivləri və sakinlərin iştirakı ilə Vətən müharibəsi şəhidi Fərid Lillahovun məzarı ziyarət edilib. MKS-nin 19 saylı Dəymədərə kənd kitabxana filialının əməkdaşı və bir qrup fəal oxucu şəhid Abid Məmmədovun məzarını ziyarət ediblər.

Zaqatala rayon Mərkəzi kitabxanasının direktoru Gülniyar Məmmədova və kitabxananın bir qrup əməkdaşı Vətən müharibəsi şəhidi Mütəllib Serovun ailəsi ilə görüşüb.

Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Beynəlxalq Qadınlar Günü münasibətilə I Qarabağ müharibəsində şəhid olmuş Zəfər Murtuzəliyevin, Aprel döyüşlərinin şəhidi Sərxan Bayramovun və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Rəsul Süleymanovun anaları ilə görüşüblər.

***

Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Mədəniyyət Mərkəzi tərəfindən Vətən müharibəsi şəhidləri Toğrul Məmmədzadə, Fuad Tağıyev, Firavan Əsgərov, Mətləb Cəfərov, Sabir İsmayılov, Anar Bahadurov, Bəxtiyar Mayılov, Fərid Hüseynov, Elxan Muradov və Fərid Nağıyev haqqında qısametrajlı filmlər hazırlanaraq sosial şəbəkələrdə təqdim olunub.

Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən A.İsgəndərov adına Xalq teatrı tərəfindən qəhrəman şəhidlərin ömür və döyüş yolundan bəhs edən tamaşanın məşqlərinə başlanılıb.

Mədəniyyət Mərkəzinin tabeliyindəki bütün mədəniyyət müəssisələrində “Torpağı Vətən edənlər” adlı guşələrin, fotostendlərin yaradılması nəzərdə tutulub.

***

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzi filiallarının əməkdaşları Vətən müharibəsi şəhidləri Etibar Məmmədov, Vasif Nəzərli, Xəyal Əlizadə, Fazil Məmmədli və Asif Məmmədovun məzarlarını ziyarət ediblər.

***

Ağdaş Regional Mədəniyyət İdarəsi Zərdab rayon MKS-nin İnformasiya-resurs şöbəsinin müdiri Rəqibə Qasımova Vətən müharibəsi şəhidi Anar Məmmədzadənin ailəsi ilə görüşüb.

***

Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində çalışan ağdamlı mədəniyyət işçiləri tərəfindən Vətən müharibəsində Ağdam rayonunun 51 şəhidinin əziz xatirəsini yaşatmaq məqsədilə 51 ağac əkilib.