Türkiyədə 12 mart – İstiqlal Marşı və Mehmet Akif Ersoyun anım günü qeyd olunur

Martın 12-də Türkiyədə Cümhuriyyətinin Dövlət Himni – İstiqlal Marşının Türkiyə Böyük Millət Məclisində qəbul edilməsinin 100-cü ildönümü çeşidli tədbirlərlə qeyd olunur. Bu münasibətlə İstiqlal Marşının sözlərinin müəllifi – böyük şair Mehmet Akif Ersoyun xatirəsi də ehtiramla yad edilir.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy 12 mart – İstiqlal Marşı və Mehmet Akif Ersoyun anım günü münasibətilə mesaj yayımlayıb.

Nazir bildirib ki, düz 100 il əvvəl, çökmək, əyilmək və var olmaq mübarizəsinin atəşində təslim olmaq istəməyən bir millətin daxili səsi və iradəsi Mehmet Akif Ersoyun qələmindən sətirlərə töküldü: “İstiqlal Marşı türk millətinin, şərtləri və nəticələrindən asılı olmayaraq, tarixini, bu gününü və gələcəyini qoruyacağını ifadə edir”.

Mesajda vurğulanır ki,  İstiqlal Marşı türk millətinin milli irsini və müqəddəs mənəviyyatını heç kimin pozmasına imkan verməyəcəyinə dair bir bəyanıdır.

Nazir mesajı bu sözlərlə tamamlayıb: “Milli mübarizədəki məsuliyyəti, fikirləri və əsərləri ilə tariximizdə müstəsna bir yer qazanan istiqlal şairimiz Mehmet Akif Ersoyu, həmçinin bu mənalı gün münasibətilə Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürkü və silahdaşları başda olmaqla bütün şəhidlərimizi və qazilərimizi rəhmət, minnətdarlıq və hörmətlə anıram”.

***

12 mart – İstiqlal Marşı və Mehmet Akif Ersoyun anım günü münasibətilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə xüsusi lazer şousu hazırlanıb. İstanbulun Qalata qülləsi lazer effekti ilə işıqlandırılıb. Lazer şousu zamanı türklərin Orta Asiyadan çıxmasından bu günə qədər Türkiyə tarixinə adlarını yazdıran məşhur insanların görüntüləri tarixi qüllənin divarlarında əks etdirilib.

Lazer şousunun müşayiət etdiyi görüntülərin sonunda məşhur vokalçı, Mədəniyyət və Turizm Nazirliyi Dövlət Opera və Baletinin (Türkiyədəki Opera və Balet teatrlarının (Ankara, İstanbul, İzmir, Mersin, Antalya, Samsun) baş müdiriyyəti – red.) baş direktoru Murat Karahan İstiqlal Marşının ilk iki misrasını səsləndirib.

Mehparə SULTANOVA
Ankara