Məlum olduğu kimi, Türkiyə Cümhuriyyətinin Dövlət Himni – İstiqlal Marşının qəbul olunmasının 100 illiyi münasibətilə 2021-ci il qardaş ölkədə “İstiqlal Marşı və Mehmet Akif ili” elan edilib.

İstiqlal Marşının 100-cü ildönümü münasibətilə ölkə xaricində də tədbir və layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Bu günlərdə Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran “Twitter” hesabından maraqlı videopaylaşım edib. Paylaşımda deyilir: “Ölkədən kənarda “Mehmet Akif və İstiqlal Marşı ili” tədbirlərinə nazirlik olaraq hazırlıqlara başladıq”.

Daha sonra İstiqlal Marşının müxtəlif ölkələrin milli alətlərində və simfonik səslənməsi nümayiş olunub. Marş Azərbaycan, Avstriya, Yaponiya, Venesuela, Tunis, Qana, Kosovo sənətçilərinin ifasında səslənib.

Qeyd edək ki, layihənin Azərbaycanda ifası Beynəlxalq Muğam Mərkəzinin (BMM) solistlərinin iştirakı ilə lentə alınıb. İstiqlal Marşının BMM-nin səhnəsində səslənməsi iki dövlətin qardaşlığını bir daha təcəssüm etdirib. Layihə BMM-nin dəstəyi ilə reallaşıb.