Xəbər verdiyimiz kimi, 2021-ci il Türkiyədə “İstiqlal Marşı və Mehmet Akif İli” elan edilib. Martın 12-də Türkiyə Cümhuriyyətinin Dövlət Himni – İstiqlal Marşının Türkiyə Böyük Millət Məclisində qəbul edilməsinin 100-cü ildönümü tamam olub. Bu münasibətlə İstiqlal Marşının sözlərinin müəllifi Mehmet Akif Ersoyun xatirəsi də ehtiramla yad edilir.

Martın 12-də İstanbul şəhərində Mehmet Akif Ersoyun Xatirə evinin (ev-muzey) açılış mərasimi keçirilib.

Şəhərin Beyoğlu rayonundakı “Misir apartmanı” adlanan binada istifadəyə verilən muzeyin açılışında Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, İstanbul valisi Ali Yerlikaya, Beyoğlu bələdiyyə başqanı Haydar Ali Yıldız və başqa rəsmilər iştirak ediblər.

İstiqlal şairi Mehmet Akif Ersoy (1873-1936) ömrünün son illərini bu evdə keçirib və buradan son mənzilə yola salınıb. Muzeydə şairin həyatı və yaradıcılığı xronoloji qaydada ekspozisiyalarda diqqətə çatdırılır. Burada Mehmet Akifin müxtəlif illərə aid fotoşəkilləri və şəxsi əşyaları, əsərləri, həmçinin ona həsr olunan kitablar və s. yer alıb.

***

12 mart – İstiqlal Marşı və Mehmet Akif Ersoyun anım günü münasibətilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə İstanbulun Qalata qülləsi lazer effekti ilə işıqlandırılıb. Lazer şousu zamanı Orta əsrlərdən bu günə qədər Türkiyə tarixinə adlarını yazdıran məşhur insanların görüntüləri qüllənin divarlarında əks etdirilib. Lazer şousunun sonunda məşhur vokalçı Murat Karahanın ifasında İstiqlal Marşının ilk iki misrası səsləndirilib.

Mehparə SULTANOVA
Ankara