Azərbaycan Prezidenti Qarabağdakı dünya əhəmiyyətli abidə – Azıx mağarasının yerləşdiyi zirvədən tarixi mesaj verdi

“Bu bayraq burada əbədi dalğalanacaq, dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq”

Xəbər verildiyi kimi, martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar.

Dövlət başçısı Xocavənd rayonunun işğaldan azad olunmuş Hadrut qəsəbəsini Füzuli və Cəbrayıl rayonları ilə birləşdirən yeni avtomobil yollarının təməlini qoyub, Xocavənd rayonunun qədim tarixə və irsə malik kəndlərinə baş çəkib, eləcə də dünyaca məşhur qədim insan məskəni – Azıx mağarasında olub.

 “Yenə işğaldan azad edilmiş torpaqlardayam. Bu gün Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyacağam. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır”, – deyə İlham Əliyev Füzuli rayonunun ərazisindən keçərkən qeyd edib.

Prezident diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdə artıq bir neçə yol layihəsi icra edilir. Füzulidən Şuşaya yol – Zəfər yolu çəkilir. Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcək. Horadizdən Zəngilana qədər yol çəkiləcək: “Bir sözlə, müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri başlamışdır”.

Ermənistanın işğal etdiyi bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etdiyini deyən dövlət başçısı bildirib ki, mənfur düşmən bununla bizim tarixi irsimizi silmək istəyib: “Amma buna nail ola bilmədi. Biz bu torpaqlara qayıtmışıq. Qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıtmışıq. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq.

Bu gün azad edilmiş torpaqlara gələrkən Qaraxanbəyli kəndindən keçdik. Qaraxanbəyli kəndi müharibənin ilk günündə – sentyabrın 27-də azad edildi. Bax, biz məhz buradan, o istiqamətdən öz şərəfli missiyamızı icra etməyə başladıq və düşməni torpaqlarımızdan qovduq. İndi isə quruculuq işləri ilə məşğuluq. İndi isə həyatımızın yeni dövrü başlayır – quruculuq, inkişaf, torpaqlarımızın bərpası dövrü”.

***

Prezident İlham Əliyev əvvəlcə Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyub.

Bu yol başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan bu yol 4 hərəkət zolaqlı olacaq. Yol boyunca avtomobil körpüləri inşa ediləcək.

***

Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Xocavənd rayonuna yola düşüblər.

Prezident İlham Əliyev: “Füzulidən Xocavənd rayonuna gedirik. İşğaldan azad edilmiş Xocavənd rayonuna gedirik. Yol boyunca bütün yaşayış məntəqələrinin dağıdılmasının bir daha şahidi oluruq. Bütün kəndlər, şəhərlər tamamilə dağıdılıb. Özü də bu dağıntılar müharibədən sonra baş vermişdir. Birinci Qarabağ müharibəsi dövründə bu qədər dağıntılar olmamışdır. Məhz işğal dövründə mənfur düşmən bizim şəhərlərimizi bu hala salıb.

Bura Füzuli şəhəridir. Amma şəhərdən əsər-əlamət qalmayıb. Şəhər yoxdur, dağıdılıb. Ermənilər dağıdıblar. İşğal dövründə gəlib bizim binalarımızı söküb, binaların daşlarını, damlarını aparıblar, oğru kimi, talançı kimi. Bunlar, Füzuli şəhərinin qalıqlarıdır. Bu gün də Ermənistanı müdafiə edən xarici dairələr gözlərini açıb baxsınlar onların vəhşiliyinə. Onlar kimi müdafiə edirlər?! Otuz il torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən bir daşı daş üstündə qoymayıb”.

Dövlət başçısı Xocavənd rayonunun işğaldan azad edilmiş Edilli kəndinə gəlib. Yaxınlıqdakı isə Ağbulaq kəndidir: “Qəhrəman Azərbaycan Ordusu qədim Azərbaycan torpağını işğalçılardan azad edib. Burada döyüşlər gedib. Vuruşaraq, döyüşərək düşməni öz doğma torpaqlarımızdan qovmuşuq”.

İşğaldan azad edilmiş, gözəl mənzərəli Düdükçü kəndindən keçən yol Hadrut qəsəbəsinə gəlib çıxır.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldırıb və çıxış edib.

Prezident deyib: “Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi. Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olmuşdur. İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi... Hadrut qəsəbəsinin işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olan bir əməliyyat idi. Çünki Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi.

Onu da bildirməliyəm ki, Füzuli şəhəri Hadrutdan sonra azad edilmişdir – oktyabrın 17-də. Ermənistan ordusu bizi məhz digər istiqamətdə gözləyirdi. Ancaq müharibə qaydalarına əməl edərək, strateji planlaşdırmanı düzgün icra edərək biz Cəbrayıldan sonra Hadrutu, ondan sonra Füzulini işğaldan azad etdik”.

Prezident qeyd edib ki, məhz Hadrutun azad edilməsindən sonra ordu hissələrimiz Şuşaya istiqamət götürdü: “Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq biz Şuşanı işğalçılardan azad etdik. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq.

Bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir. Azərbaycan müharibədə Zəfər çaldı, düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi”.

Dövlət başçısı onu da xatırladıb ki, Hadrut qəsəbəsi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun mərkəzi sayılırdı. Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunandan (1991) sonra keçmiş vilayətin Martuni və Hadrut rayonları birləşdirildi və Xocavənd rayonu yaradıldı: “Bu əraziyə qədim tarixi adı – Xocavənd adı qaytarılmışdır. Müharibə dövründə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunun 50 faizdən çox hissəsi və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun 100 faiz ərazisi işğalçılardan azad edilmişdir. Bəziləri müharibənin yekunlarını şərh edərkən deyirlər ki, Azərbaycan yeddi rayonu azad edib, bu, belə deyil. Biz yeddi rayonu, Şuşa şəhərini, Suqovuşan qəsəbəsini, Talış qəsəbəsini, keçmiş Hadrut rayonunu, keçmiş Martuni rayonunun böyük hissəsini azad etmişik və tarixi ədaləti bərpa etmişik. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərkən tarixi nailiyyətlərə imza atmışdır.

Biz xalqımızın yeni tarixini yazdıq, şanlı qəhrəmanlıq tarixini yazdıq və azad edilmiş torpaqlarda bu gün böyük quruculuq işləri aparılır, böyük infrastruktur layihələri icra edilir. Bu gün Bakıdan gələrkən, yenə də dağıdılmış Füzuli şəhərindən keçərkən bir daha gördüm ki, erməni vəhşiliyi hansı fəlakəti törədib. Bu gün onları müdafiə edən, bu gün onların arxasında dayanan bəzi xarici dairələr gözlərini açıb görsünlər erməni vəhşiliyi nə günə salıb bizim şəhərlərimizi. Bizim bütün şəhərlərimiz dağıdılıb, bütün kəndlərimiz dağıdılıb, tarixi abidələr dağıdılıb, məscidlər dağıdılıb, qəbirlər dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. Biz isə ancaq öz torpaqlarımızı azad etmişik.

Bax, bu qəsəbədə qanunsuz olaraq Ermənistandan və xarici ölkələrdən ermənilər gətirilib zorla məskunlaşdırılıb. Amma bu qəsəbə salamatdır, bir bina da dağıdılmayıb, bir bina da yandırılmayıb. Budur, Azərbaycan Ordusunun yanaşması, budur, bizim mənəvi kodeksimiz. Ermənilər nə ediblər? Bütün binalarımızı dağıdıblar, məscidlərimizi dağıdıblar. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər. Azərbaycanlıların tikdirdikləri, – ermənilər orada qanunsuz yaşayıblar, – o evləri noyabrın 10-dan dekabrın 1-nə qədər yandırıblar, dağıdıblar, meşələri qırıblar. Su elektrik stansiyalarını dağıdıblar. Bax, fərq bundadır. Azərbaycan əsgəri yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərdir və əsgərə, bütün hərbçilərə verilən təlimat yerinə yetirildi”.

Prezident vurğulayıb ki, Azərbaycan Ordusu mülki əhali ilə heç vaxt müharibə aparmayıb və bunu indi hər kəs görür: “Mən demişdim ki, Ermənistan rəhbərliyi bizə tarix versin, bizim torpaqlarımızdan nə vaxt çıxır və biz müharibəni dayandırmağa hazırıq, bunu da etdik. Bu gün buraya bu torpaqların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün mən Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi Hadrut qəsəbəsində milli bayrağımızı qaldırdım. Bu bayraq burada əbədi dalğalanacaq. Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq. Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik. Xocavənd bizimdir, Qarabağ Azərbaycandır!”.

***

Sonra Prezident İlham Əliyev Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoyub.

Yol başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürür və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometrdir. Dörd hərəkət zolaqlı bu yol boyunca avtomobil körpüləri tikiləcək.

***

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva keçmiş Hadrut Rayon Partiya Komitəsinin binasında olublar.

Dövlətimizin başçısı deyib: “Bu bina keçmiş Hadrut Rayon Partiya Komitəsinin binasıdır. Qanunsuz rejim burada özləri üçün administrasiya yaratmışdı. Bu bina Azərbaycan vəsaiti hesabına tikilmişdir və onu biz qaytarmışıq. Hadrut bizimdir!

Bu sözlər köhnə əlifba ilə yazılıb: “Kolxozların torpaqlardan əbədilik faydalanması üçün”. Bu, 1939-cu ilə qədər yazılıb. 1939-cu ildə əlifbamızı dəyişdirdilər. Bu, tarixi sənəddir”.

***

Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Hünərli kəndindəki alban məbədi ilə tanış olublar.

“Ermənilər bu kilsəni də erməniləşdirmək istəmişlər və burada erməni dilində yazılar yazmışlar, ancaq buna nail ola bilməmişlər. İndi əgər bu, erməni kilsəsi olsaydı, bunu belə vəziyyətdə qoyardılarmı? Tövləyə oxşayır, elə bil ki, tövlədir, zibilxanadır. Bu, bizim qədim tarixi abidəmizdir, udi qardaşlarımızın məbədidir. Onlar buraya da gələcəklər. Ermənilər necə ki, bizim məscidlərimizi təhqir ediblər, qədim alban məbədini də təhqir etmişlər. Amma biz bərpa edəcəyik. Bütün bu yazılar saxta yazılardır, sonradan yazılmış yazılardır. Onlar bizim qədim torpaqlarımızda özləri üçün saxta tarix yaradıblar”, – deyə İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, alban məbədinin bu vəziyyətdə olması bir daha erməni saxtakarlığını göstərir: “Erməni kilsəsi olsaydı, bunu təmir etdirərdilər. Sonra da bəziləri bizə irad tuturlar ki, biz xristian abidələrinə yaxşı baxmırıq. Bunu ermənilər bu günə salıblar.

İndi gəlsinlər, baxsınlar Azərbaycanın müxtəlif yerlərində xristian abidələri necə qorunur. Bu qədim alban kilsəsini görərlər bir müddətdən sonra biz necə təmir etdirəcəyik. Azərbaycan ərazisində bütün dinlərin məbədləri dövlət tərəfindən qorunur, dövlət tərəfindən tikilir və bütün dünya bunu bilir. Ermənilərin vəhşiliyini dünya bilməlidir, görməlidir bizim məscidlərimiz nə gündədir. Azad edilmiş torpaqlarda 67 məscid var idi, cəmi ikisi qalıb, yarıdağılmış. Alban kilsəsini də bu günə qoyublar. Bəlkə burada da heyvan saxlayıblar, burada da dəmir-dümür saxlayıblar, orada o dəmir-dümürlərin bir hissəsi qalıb. Ona görə hər kəs bunu görməlidir, bilməlidir. Əgər kimsə bundan sonra bizə qarşı hansısa əsassız ittiham irəli sürmək istəsə, o, cavabını alacaq, necə ki, bu günə qədər alıb”.

***

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Tuğ kəndinə gəliblər. 1991-ci ilin sonlarında azərbaycanlı əhalini buradakı yurd-yuvasından didərgin salan erməni qüvvələri yaşayış evlərini dağıdıb, məktəb binasını xarabalığa çeviriblər.

“Ermənilərin dağıtdıqları Tuğ kəndinin məktəbi. Görün, nə günə qoyublar. Sonra da deyirdilər ki, Tuğ kəndi erməni kəndidir. Erməni kəndi olsaydı, bunu dağıdardılar? Bura qədim Azərbaycan torpağıdır. Tuğ kəndi həmişə Azərbaycan kəndi olub, bundan sonra da olacaq”, – deyə İlham Əliyev bildirib.

Dövlətimizin başçısı və xanımı Tuğ kəndindəki alban məbədində olublar. Bu məbəddə də erməni saxtakarlığının izləri var. Prezident deyib: “Bura qədim alban məbədidir. Bu məbəd də udi qardaşlarımıza qaytarılacaqdır. Ermənilər bunu da erməniləşdirmək istəyiblər, amma alınmayıb və alınmayacaq. Bundan sonra Azərbaycan dövləti bu alban məbədini qoruyacaq”.

***

Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azıx kəndinə gəliblər. Bu qədim Azərbaycan kəndində dünyaca məşhur Azıx mağarası yerləşir.

Prezident deyib: “Azıx mağarasının girişindəyik. Bu mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik.

Azıx mağarasını azərbaycanlı alim aşkarlayıb. Azıx mağarası Azərbaycan ərazisində yerləşir. Bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar”.

Azıx mağarasının yerləşdiyi zirvədən ətrafa gözəl mənzərənin açıldığını vurğulayan dövlət başçısı deyib: “Buradan gözəl mənzərə açılır. Azıx kəndi, bax, oradadır. Biz bu zirvəni qət etmişik. Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək. Gəlin, bir yerdə deyək: “Azıx Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”.