Qazaxıstanlı musiqiçi İmanbəy Zeykenovun müğənni Sent Conun (Saint John) “Roses” kompozisiyasına yazdığı remiks ABŞ-da musiqi sahəsində ən nüfuzlu təltif olan “Qremmi” mükafatına layiq görülüb.

Musiqiçi şəxsi “İnstagram” hesabında bu xəbəri paylaşaraq yazıb: “Musiqiçi karyerasında ən gözəl qələbə “Qremmi” mükafatını qazanmaqdır ki, biz də bunu bacardıq!”.

“Qremmi” mükafatının 63-cü təqdimat mərasimi martın 15-də Los-Ancelesdə baş tutub. 20 yaşlı İmanbəy Zeykenov bu sanballı musiqi mükafatının remiks nominasiyasında üç rəqibini geridə qoyub. Nəticələr elan edildikdən sonra o, ailəsinə, komandasına, menecerə və “Qremmi” mükafat komitəsinə minnətdarlıq edib.

Bir neçə ay əvvəl “Roses” mahnısına yazdığı remiksi dünya musiqi çatlarını “partladan” İmanbəy Zeykenov valideynləri ilə birlikdə Aksu şəhərində yaşayır. 2000-ci ilin oktyabrında anadan olub. “Youtube” kanalındakı videodərslərə baxmaqla elektron musiqi treki yığmağı öyrənmiş İmanbəy 2019-cu ilin dekabrınadək yerli dəmir yolu stansiyasında işləyib. Həmin ilin yayında reper və müğənni Sent Conun “Roses” mahnısının remiksini hazırlayıb və onu sosial şəbəkələrdə yerləşdirib. Bundan sonra populyarlığı çox da gözləmək lazım gəlməyib. Bir neçə aydan sonra İmanbəy Zeykenov pop-ulduzuna çevrilib. Onun haqqında ABŞ-ın nüfuzlu musiqi dərgilərində məqalələr dərc olunub.  

GÜLCAHAN