Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi “Al sancağın dalğalandığı hər yerdir Çanaqqala” devizi ilə 1915-ci ildə türk tarixinə yazılan qəhrəmanlıq dastanını geniş kütlələrə əyani görüntülərlə çatdıran səyyar muzey layihəsi həyata keçirir.

2020-ci ilin iyununda Ankaradan yola çıxan “Çanaqqala Döyüşləri Səyyar Muzeyi” indiyədək ölkənin 68 vilayətində nümayiş etdirilib. Bu müddətdə səyyar muzeyin 80 minə yaxın ziyarətçisi olub.

Füsunkar dizaynı ilə diqqəti cəlb edən muzey yük maşınına yerləşdirilib və koronavirus epidemiyası ilə bağlı lazımi bütün tədbirlər diqqətə alınıb. Səyyar muzey eyni zamanda 10 nəfəri qəbul edə bilər.

Məlumatda bildirilir ki, mobil muzeyin mayın 3-nə qədər Türkiyənin 81 vilayətini “gəzməsi” nəzərdə tutulub. Bundan başqa, muzeyin “canakkalemobilmüzesi” “İnstagram”, “Facebook” və “Twitter” səhifələri də təşkil edilib.

Mobil turun sonunda muzeyin ümumi ziyarətçi sayının 100 minə çatacağı, sosial media üzərindən 1 milyona yaxın ziyarətçisi olacağı gözlənilir.

Mehparə SULTANOVA
Ankara