Martın 16-da Kolumbiyanın Azərbaycandakı səfiri Antonio Dimate Kardenas Azərbaycan Milli Kitabxanasında olub.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonağa kitabxana haqqında ətraflı məlumat verib. Azərbaycan Milli Kitabxanasının bir sıra ölkələrin kitabxanaları ilə əməkdaşlıq etdiyini deyən Kərim Tahirov növbəti memorandumun Kolumbiya Milli Kitabxanası ilə imzalanacağına ümid etdiyini bildirib.

Direktor Azərbaycanın İkinci Qarabağ müharibəsində böyük Zəfərindən söz açıb, erməni işğalından azad edilmiş torpaqlardakı acınacaqlı vəziyyətdən danışıb. Bu torpaqlarda 975 kitabxananın ermənilər tərəfindən tamamilə məhv edildiyi diqqətə çatdırılıb.

Kərim Tahirov azad edilmiş bölgələrdə yaradılacaq kitabxanaların fondları üçün kitab toplama kampaniyası haqqında da diplomata məlumat verib.

Kolumbiyanın Azərbaycandakı ilk səfiri olmaqdan məmnunluğunu vurğulayan Antonio Dimate Kardenas iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. O, azad olunmuş ərazilərdəki acınacaqlı vəziyyəti öz gözləri ilə gördüyünü də qeyd edib.

Diplomat Kərim Tahirovun fikrinə dəstək olaraq Azərbaycan Milli Kitabxanası ilə Kolumbiya Milli Kitabxanası arasında əməkdaşlıq memorandumunun imzalanmasına ehtiyac olduğunu vurğulayıb.

Görüşdə memorandum layihəsinin hazırlanaraq təqdim olunması qərara alınıb.

Səfir Kolumbiya haqqında kitabı Milli Kitabxananın fonduna hədiyyə edib.