Biz artıq Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə başlamışıq. Bu, noyabrın 10-da imzalanmış Bəyanatın bir hissəsidir. Danışıqların müxtəlif səviyyələrdə artıq bir neçə mərhələsi olub. Düşünürəm ki, məhz bu məsələ müharibə səhifəsini tamamilə bağlamaq və onu tarixdə qoymaq üçün başlanğıc nöqtəsi ola bilər. Çünki kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq, regional əməkdaşlığa yeni dinamika gətirməklə yeni imkanlar yaradacaq. Bu, bir çox başqa sahələrdə potensial əməkdaşlığa gətirib çıxara bilər. Mən artıq açıq şəkildə demişəm ki, Azərbaycan buna hazırdır.

Prezident İlham Əliyev bu sözləri martın 14-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

ATƏT-in Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə birbaşa cəlb olunmuş təşkilat olduğunu deyən dövlət başçısı bildirib ki, münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq. Prezident vurğulayıb ki, biz öz vəzifəmizi tamamlamışıq. Əraziləri azad etmişik, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və ATƏT-in qərarlarını icra etmişik. “Düşünürəm ki, müharibədən sonra ötən 4 ay artıq hər iki tərəfin səhifəni bağlamaq və diqqəti gələcəyə yönəltmək iradəsini nümayiş etdirir. Bu, çox mühümdür”, – deyə İlham Əliyev vurğulayıb.