İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl-Osaymin 2019-cu il martın 15-də Yeni Zelandiyanın Kraystçörç şəhərindəki məsciddə törədilmiş və 51 müsəlmanın həlak olması ilə nəticələnən terror aktının ildönümü ilə əlaqədar bəyanat yayıb.

Təşkilatın adından terror qurbanlarının ailələrinə başsağlığı verən Baş katib eyni zamanda müsəlmanlarla həmrəylik nümayiş etdirən Yeni Zelandiya hökuməti və xalqına təşəkkürünü bildirib. Bəyanatda vurğulanıb: “İƏT motivindən və cinayətkarın dini mənsubiyyətindən asılı olmayaraq, terrorizmin bütün təzahürlərini və İslam dinini terrorçuluqla əlaqələndirən hər hansı siyasəti, bəyanatı və ya əməli qətiyyətlə pisləyir”.

İslamofobiyanın irqçiliyin və dini zəmində ayrı-seçkiliyin müasir formasına çevrilməsindən narahatlığını ifadə edən İƏT rəhbəri təəssüflə vurğulayıb ki, bu sindrom dünyanın əksər hissələrində yayılır. O, BMT-ni, beynəlxalq və regional təşkilatları martın 15-ni Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan etməyə, bu təhlükəli tendensiya haqqında qlobal maarifləndirmə işi aparmağa, müsəlmanlara qarşı nifrət və ayrı-seçkiliyin qarşısını almağa çağırıb.