Martın 16-da Milli Məclisin plenar iclasında  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı dinlənilib.

Hesabatı təqdim edən Baş nazir Əli Əsədov ötən ilin əsas sosial-iqtisadi yekunları, ölkə həyatının müxtəlif sahələrində əldə olunan nəticələr barədə danışıb. “2020-ci il Azərbaycanın şanlı dövlətçilik tarixində Prezident İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımızın azad edilməsi, suverenliyin bərpası ilə əlamətdar olub”, – deyə o vurğulayıb.

Baş nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, dərin islahatlar nəticəsində yaradılmış potensial şanlı Ordumuzun düşmən üzərində Qələbəsini şərtləndirib.

Qeyd olunub ki, Prezidentin göstərişinə əsasən, işğaldan azad edilən torpaqlarda infrastrukturun qurulması, bərpa-quruculuq işlərinin aparılması istiqamətində prosesə artıq start verilib. Bu işlərin vahid konsepsiya əsasında həyata keçirilməsi nəzərdə tutulur.

Diqqətə çatdırılıb ki, azad edilən ərazilərin yenidən qurulması üçün dövlət büdcəsindən bu il 2,2 milyard manat maliyyə vəsaiti ayrılıb. İlkin mərhələdə ərazilərin minalardan təmizlənməsi böyük əhəmiyyət kəsb edir.  Mülki əhaliyə, dövlət əmlakına dəyən ziyanın aradan qaldırılması və tikinti işlərinin aparılması üçün lazımi işlər görülür.

Baş nazir həmçinin Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qalan hissəsi ilə birləşdirəcək yolun əhəmiyyətini də vurğulayıb. Bildirib ki, bu yol ölkə iqtisadiyyatının inkişafında böyük rol oynayacaq, ölkəmizin gücü daha da artacaq.

Müzakirələrdən sonra Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatı qəbul edilib.