Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Mədəniyyət və Azərbaycan dili” şöbəsi açılacaq. Bu barədə martın 12-də Monitorinq Mərkəzində keçirilən “İfaçılıq sənətində Azərbaycan dilinin düzgün tətbiqi” mövzusunda tədbirdə məlumat verilib.

Tədbirdə dilçi alimlər, bəstəkarlar, musiqişünaslar, mahnı mətni yazan şairlər, vokalçı və xanəndələr iştirak ediblər.

Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva  ifaçılıq sənətində Azərbaycan dilinin düzgün tətbiqinin qorunması üçün qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıb. Mədəniyyətimizi təbliğ edənlər həm də dilimizi təbliğ edən şəxslər olmalıdır: “Bu yaxınlarda mərkəzdə “Mədəniyyət və Azərbaycan dili” şöbəsinin açılışı olacaq. Bugünkü tədbirimiz də gələcəkdə fəaliyyət göstərəcək şöbənin fəaliyyət dairəsini əhatə edir. Bəzən vokalçılarımızı dinləyəndə belə təəssürat yaranır ki, vokal sənəti digər dillərin fonetikası üzərində qurulub. Halbuki ifaçıdan çox şey asılıdır. Azərbaycan dilinin fonetikasının üzərində də vokal sənətini inkişaf etdirmək mümkündür”.

Tədbirdə Əməkdar artistlər Aygün Qurbanova və Aygün Bəylərin ifaları dinlənilib.