2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub.

Sərəncama uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

İnstitutdan bildirilib ki, sentyabrın 24-də keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransda iştirak üçün məruzələrin tezislərinin qəbuluna başlanılıb. Tezislər Azərbaycan, rus, ingilis, türk və ərəb dillərində qəbul edilir və bir səhifədən artıq olmamalıdır.

Tezislər konfrans-880@mail.ru elektron poçt ünvanına avqustun 31-dək göndərilməlidir.

Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlər edilməsi və tezislərin geri qaytarılması hüququna malikdir.