Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun dünya şöhrətli “Məhəbbət əfsanəsi” baleti 23, 24 və 25 mart tarixlərində Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrının əsas səhnəsində nümayiş olunacaq. Bu barədə teatrın rəsmi saytında məlumat verilib.

Üçpərdəli səhnə əsərində əsas partiyaları növbəli şəkildə Viktoriya Tereşkina, Kimin Kim, Alina Somova, Aleksandr Romançikov, Nadejda Batoyeva, Andrey Yermakov, Yekaterina Kondaurova, Roman Belyakov, Anastasiya Matviyenko, Vladimir Şklyarov ifa edəcəklər.

Qeyd edək ki, “Məhəbbət əfsanəsi” baletinin Mariinski Teatrında 3 gün ərzində nümayişi 2020-ci ilin may ayında nəzərdə tutulmuşdu, lakin pandemiya səbəbindən ertələnmişdi.

Arif Məlikovun böyük türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı “Məhəbbət əfsanəsi” baletinin ilk premyerası 1961-ci il martın 23-də məhz bu səhnədə (o vaxt Leninqrad

Opera və Balet Teatrı) olub. Ecazkar musiqi və parlaq xoreoqrafiya (baletmeyster Yuri Qriqoroviç) bu baleti daim arzulanan repertuar əsərlərindən birinə çevirib. Balet indiyədək dünyanın 60 teatrında – o  cümlədən Moskvada Böyük Teatrda, Praqa və Helsinkidə, Bolqarıstanda, Türkiyədə, Qazaxıstanda, Ukraynada və s. ölkələrdə nümayiş etdirilib.

Nazim Hikmətin “Məhəbbət əfsanəsi” pyesi rus dilində 1952-ci ildə “Novıy mir” jurnalının dekabr nömrəsində dərc olunmuşdu. Əsər tezliklə teatr ictimaiyyətinin nəzər-diqqətini cəlb etdi. Bir neçə ildən sonra isə gənc xoreoqraf Yuri Qriqoroviç gənc bəstəkar Arif Məlikovla bu pyes əsasında balet tamaşası yaratmaq qərarına gəldilər və 60 ildir səhnədən düşməyən bu sənət incisi yarandı.

Lalə AZƏRİ