Azərbaycanın Xalq artisti, tanınmış vokalçı Yusif Eyvazov martın 24-də Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrının "Mariinski-2" səhnəsində Pyetro Maskanyinin "Kənd namusu" operasında səhnəyə çıxacaq. Yusif Eyvazov tamaşada Turiddu rolunda çıxış edəcək.

Vokalçı soydaşımız həmin gün səhnəni Yekaterina Semençuk, Yevqeniy Nikitin və Yelena Vitmanla bölüşəcək. Pandemiya səbəbindən dünyanın bir çox  səhnələri ilə müqavilələri təxirə düşən məşhur tenor bu teatrda Turiddunu ilk dəfə ifa edəcək. Yanvar ayında bu barədə məlumat verən Yusif Eyvazov qeyd etmişdi ki, teatrla əməkdaşlıqdan hədsiz məmnundur. “Moskvadakı çıxışlarımdan sonra yenidən Sankt-Peterburqa qayıdıb bu səhnədə "Kənd namusu" operasında çıxış etmək ən böyük arzularımdan biri idi” – deyə o bildirmişdi.

Səhnə əsərinin əsas qəhrəmanları öz məhəbbətinə hədsiz dərəcədə sədaqətli olan Santutsa, yüngül xasiyyətli, şıltaq Lola, ehtiraslı Turiddu və öz rəqibindən amansız qisas alan Alfiodur. Operanın İtaliya xalq mahnılarının əsasında yazılmış musiqisi  əsərin kəskin süjet xəttinə uyğundur.

Qeyd edək ki, Mariinski Teatrının saytında tamaşa barədə məlumatda Yusif Eyvazovun çıxış etdiyi səhnələrdən fotolar da verilib. Bildirilib ki, artistin teatrın səhnəsində növbəti çıxışı 27 mart tarixində C.Verdinin “Riqoletta” əsərində olacaq. Y.Eyvazov tamaşada Hersoqun partiyasını ifa edəcək.

LALƏ