Ölkəmizə səfərə gəlmiş Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin xanımı Ahu Pakdemirli və Türkiyənin Azərbaycandakı səfirinin xanımı martın 17-də Milli Kitabxanada olublar.

Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqları salamlayaraq iki qardaş ölkənin Milli kitabxanaları arasında əməkdaşlıqdan danışıb. Direktor “Nizami Gəncəvi İli” çərçivəsində 1-3 martda Ankara və İstanbul şəhərlərində dahi şairin irsi ilə bağlı kitab sərgisinin təşkil olunduğunu diqqətə çatdırıb.

Bildirib ki, səfər zamanı Türkiyə Milli Kitabxanasının direktoru Əli Odabaşla keçirilən görüşün nəticəsi olaraq kitabxanada saxlanılan Nizami Gəncəvinin əsərlərinin əlyazmalarının elektron versiyaları Azərbaycan Milli Kitabxanasına göndərilib.

Direktor onu da diqqətə çatdırıb ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın  Heydər Əliyev Fondunun dəstəyi ilə iki ildir həyata keçirdiyi layihə çərçivəsində Türkiyə, Pakistan, Hindistan və digər ölkələrdən Azərbaycan ədəbiyyatının klassiklərinə aid qiymətli əlyazmaların elektron və kağız nüsxələri Milli Kitabxanaya gətirilib.

Kərim Tahirov bildirib ki, Türkiyə Milli Kitabxanasında Azərbaycanla bağlı guşənin yaradılması barədə razılıq da əldə olunub və bu məqsədlə 150-dək kitab göndərilib.

Milli Kitabxana ilə tanış olan qonaqlara kitablar, “Azərbaycan filmləri” CD-si hədiyyə edilib. Öz növbəsində professor Ahu Pakdemirli müəllifi olduğu “Çocuklar için ilk yardım” kitabını Kərim Tahirova hədiyyə edib.

Sonda qonaqlar Milli Kitabxana ilə tanış olublar. Kitabxananın “Heydər Əliyev guşəsi”, “Beynəlxalq əməkdaşlıq zalı”, “Nadir kitablar və kitabxana muzeyi” bölmələrində xatirə şəkilləri çəkdirib.