Bu Novruzda mədəniyyət beşiyimiz Şuşada, Cıdır düzündə tonqallar çatılır

 Təbiət yaşıl libasını geyinir. Badam ağacı çiçəkləyib, bənövşə qar altından boylanır, bulaqlar coşur, çaylar daşır, yaz yağışları başlayır...

 

Yarpızın, nanənin ətridir, vallah,
Çəməndən küləyə qoşulub gəlir.
Sənin dərgahına min şükür, Allah,
Yenə təbiətin yönü dirçəlir.

Şəhərdə mən duruş gətirəmmədim,
Həzin bir küləklə kəndə dönmüşəm
Özümü çəmənə, çölə yetirib,
Bulağın çağlayan gözün öpmüşəm.

Eyvanda yurd salan qaranquşların,
Hey göz gəzdirəcəm yuvalarına.
Nənəm söylərdi ki, dilsiz quşların,
Heç nə yetə bilməz dualarına.

Damıb ürəyimə, inan bu bahar,
Bir daha qan-qada olmayacaqdır.
Bülbülün səsində elə avaz var
Vaxtsız bir çiçək də solmayacaqdır...

 

Mavi səmada qaranquşlar uçuşur, eyvandakı yuvalarına qonub cəh-cəh vururlar...

 

Qayıdıb gəlmisən, ay qaranquşum,
Qayıdıb gəlmisən, yenə bahardı.
Yenə cəh-cəh vurub, nəğmə qoşursan,
Səsində xoşbəxtlik sədası vardı.

Baharda bu yerin bənövşələri,
Utancaq olurlar, qızları kimi.
Çeşməyə yollanan kənd gözəlləri,
Açar çiçəklərə, açar qəlbini.

Verməz bircə anda fürsəti əldən,
Asar hanasını qarı nənəmiz.
Qızlar köçürərlər min bir həvəslə,
Cehiz xalısına rəngləri təmiz.

Yenə də bir coşqun həyat başlayar,
Hər addım bu yerdə hünər meydanı.
Yenə də ellərə müjdə yayılar:
- Novruz qonağıdır Azərbaycanın!

 

Külək qapısını döyür, yağış damını; səma haray salır, şimşək işıq saçır-hamı xoş xəbər üçün tələsir: “Gözlərin aydın, ana Təbiət, Bahar qızın gəlir, xonçalı, boğçalı Novruza qoşuluruq...”.

Ana təbiət muştuluqçuların nəmərini verir, başlayır çölü, düzü bəzəməyə. Hamı görür onun üzündəki sevinci, kirpiklərindəki sevinc damlalarını.

Dağların başında “ocaq çatır” ana Təbiət, sonra səmaya göz vurur. Səma ilıq suyla çimizdirir şıltaq təpələri, dərələri, düzləri. Göy rəngli donlarını geyəndə hər şeyi unudur təpə də, dərə də, düzən də! Bilirlər ki, Bahar gəlir...

Bəxtəvər-bəxtəvər gülümsəyir ana Təbiət! Qovuşurlar bir-birinə sevib-sevilənlər: gül bülbülə, bulaq çəmənə, arılar çiçəklərə. Dodaqlarında şən nəğmə, nəfəslərində bir olmaq eşqi, bir də onları qovuşduran Bahar...

Analar pərvazlandırıb, uçurub övladlarının hərəsini bir ocaq başına. Novruz günündə əlləri çömçəli, gözləri yolda, qulaqları səsdə plov bişirir analar. Bayram axşamı övladlarının hamısı yığışacaq ana evinə, ata ocağına. Yenə hamı üçün şam yandıracaq analar...

Analar səməni bəsləyir. Xəyallarında ötən günləri, göz önündə körpələri. Elə bu vaxt açılır qapılar: “Novruz bayramınız mübarək!” deyir balalar.

- Sizinlə belə, a qadanızı alım, gəlin çıxın də! - deyə həm gülər, həm də kövrələr analar.

Birinci səməni halvası gələr süfrəyə: “Qoy səməni kimi təzə-tər, müqəddəs olsun balalarım! Bir də axı səməni bahar deməkdir. Qoy həmişə bahar qoxulu olsunlar balalarım!”.

Novruz bayramı günü açılır analarımızın qırmızı almalı boğçaları. Və bu qırmızı almalarla yaşlı qadın və kişilərin bayramlarını təbrik edirik. Baxıb bu gözəlliyə şeir söyləyirik:

 

İlin bu vaxtında bu kəndə gəlmək,
Arzuya, nübara çatmaqdı, qardaş!
Dünyanın ən xoşbəxt bəxtəvəri tək
Şirin xatirəyə dalmaqdı, qardaş!

Durnatək uçarlar bulağa sarı,
Bilməzsən hardaydı, bu qızlar harda?
Qəlblərə od salar qız baxışları,
Ürəkdə cücərər xoş arzular da.

Oğlanlar dolaşar bağçanı, bağı,
Bir görüş həvəsli, dilləri andlı.
Nişanlı qızların bayram axşamı
Toxlu payı gedər qırmızı bandlı.

Dəcəl uşaqların fişəngi, şarı,
Sayrışar səmada haylı-haraylı.
Gəzir qapı-qapı kənd qarıları,
Güllü xonçaları səməni paylı.

Qapı döyənlərə o gün pay düşər,
Boyalı yumurta qalxar hörmətə.
Erkəndən çatılmış təndirdə bişər,
Süfrənin bəzəyi ləpəli kətə.

...Novruz bayramında gülüş də, söz də,
Arzu da, ümid də nağıldı, qardaş.
Kim ki macal tapıb gəlirsə kəndə,
O, elə, obaya oğuldu, qardaş!

 

...İlk yaz yağışının da öz yeri, öz sevinci var. Səma qayğıkeş ana kimi Yer üzünü öz ilıq damcıları ilə yuyur, bahar yaşıl don geyinir. Çayların, bulaqların suları coşub-daşır, sahilləri boyu yarpızlar, nanələr, bulaqotular göyərir. Çəmənliklər, təpələr yamyaşıl ormanı xatırladırlar. Qız, gəlinlərimiz, analarımız, nənələrimiz yemlik, qazayağı yığırlar. Oyanır torpaq, bol məhsul vermək üçün qucağını açır insanlara:

 

...Bir də ələ düşməz bu yaz yağışı,
Lalələr, nərgizlər üzə güləcək.
Görüb təbiətin gözəlliyini
Ceyranlar, cüyürlər düzə enəcək.

Bir də ələ düşməz bu yaz yağışı,
Gülüm, bir sevinc var gül baxışında.
Gəl çeşmə başına, bu saat, bu an,
İslanaq, islanaq yaz yağışında.

Hələ qəlbimizdə tumurcuq olan
Eşqimiz görməsin sazağı-qışı.
Gözləyək, gözləyək toylu günləri,
Bir də ələ düşməz bu yaz yağışı!

 

Novruzun gəlişini, günəşin canqızdıran, qəlboxşayan ilıq nəfəsini budaqlarında hiss etcək gəlin köçən qızlar kimi ağappaq geyinər Badam ağacı. Hər il, beləcə, Novruz bayramını ağ donda qarşılayar. O qədər çiçəyi olar ki, elə bil ulduzlar ələnib budaqlarına! Çiçəklə, badam ağacı, sənin çiçəklərin saflıq, bolluq rəmzidir.

Ağaclar quşların ağırlığını budaqlarında duycaq oyanırlar qış yuxusundan, Badam ağacı! Səni ağ çiçəkli görüb utandılar yatıb yuxuya qalmaqlarından...

Yurdumuza Novruz gəlir. Günəşin al şəfəqləri yenə dağlarımızı, obalarımızı nura boyayır. Yenə də sözümüz, söhbətimiz sənədir; yenə də ağ donunda qarşılayırsan baharımızı. Sabahın bol məhsulundan xəbər verir çiçəklərin. Çiçəklə, çiçəklə, Badam ağacı, çiçəklərin qəlbimizdə xoş xatirələr oyadır.

28 il müddətində doğma anasından zorla qoparılmış, vəhşilərin caynaqlarında və tapdaqlarında inildəyən cənnət Qarabağımızın, onun ətrafında işğal olunmuş yeddi rayonun qoynunda Novruz bayramı qeyd olunmadı. Ağacların çiçəkləri solğun oldu, xarı bülbülün ətri duyulmadı.

Azərbaycan Respublikasının Ali Baş Komandanının rəhbərliyi altında dəmir yumruğa dönən müzəffər Ordumuzun hünəri sayəsində 44 günə torpaqlarımız düşmən əsirliyindən azad olundu. Bu bayramda mədəniyyət beşiyimiz olan Şuşada, Cıdır düzündə tonqallar çatılır, bayram plovlarının qazanları asılır. Bu bayramda hamımız birik... Zəfər nəğməsi səslənir el-obamızda. Haqqın var bu Qələbədən vaxtından tez çiçəklənməyinə... Çiçəklə, Badam ağacı, çiçəklə:

 

Bahardır, qəlblərdə arzular coşur,
Boylanır bənövşə-baharın tacı.
Bülbül qızılgülə mahnılar qoşur,
Çiçəklə, çiçəklə, Badam ağacı.

Çəmənlər, çiçəklər xoş ətir saçır,
Dağ çayı dağları yarıb yol açır,
Uşaqlar kəpənək ardınca qaçır -
Çiçəklə, çiçəklə, Badam ağacı.

Qartallar boylanır dağlarımızdan,
Şən nəğmə səslənir bağlarımızdan,
Ellər söhbət açır bol varımızdan -
Çiçəklə, çiçəklə, Badam ağacı.

Səmadan nur yağır yenə hər yana,
Tarla da, bağlar da gəlibdir cana,
Sən bolluq rəmzisən Azərbaycana -
Çiçəklə, çiçəklə, Badam ağacı.

 

...Bu dünyanın sükutunu kəkliklərin nəğməsi, quşların cik-ciki sındırır. Haradansa baş alıb gələn yantütəyinin səsi ovsunlayır təbiəti:

 

Göy üzündə hər bulud bir uşaqdı,
Bir-biriylə dalaşırlar gör necə.
Ürəyimiz qəm-qüssədən uzaqdı,
İlin axır gecəsidi bu gecə.

Bu qış bizi çox yandırdı, çox yaxdı,
Göy kişnədi, ildırımlar ta çaxdı,
Gözləyirdik biz bu vaxtı havaxdı,
Gecə-gündüz yaşayırlar “heç-heçə”,
İlin axır gecəsidi bu gecə.

Novruz gəlib, müjdəçisi səməni,
Göz oxşayır göy zəmini, çəməni.
Tanrı sevir torpaqdakı hər dəni,
Üstlərinə nur ələnir gör necə,
İlin axır gecəsidi bu gecə.

Əhd edənlər yandırırlar şamları.
Paylayırlar şərbət dolu camları,
Dəstə gəzir baca-baca damları,
Heybələrdən göndərirlər bir neçə,
İlin axır gecəsidi bu gecə.

Od vurub qalaqlanan oduna,
Dərd tökülüb tonqalına oduna,
Hamı gülür Kosanın hap-gopuna,
Plov gəlir üstündə də kök beçə,
İlin axır gecəsidi bu gecə.

 

Nənəm odun eşələyir közünü,
Dua edir pıçıldayır sözünü,
- Ay üzərlik, çıxart paxıl gözünü,
Kaş qan-qada torpağımdan yan keçə,
İlin axır gecəsidi bu gecə.

 

Novruz bayramının çox əlamətləri, min bir gözəllikləri vardır. Bunlardan biri də Novruz adətləridir. Bu adətlərdən görürük ki, Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana, məhəbbət bayramıdır. Burada ulu babalarımızın ən müdrik dünyagörüşü, humanist baxışları, həlim, qayğıkeş təbiəti, yaxşılıq, xeyirxahlıq, Vətəni sevmək kimi yüksək mənəvi-əxlaqi keyfiyyətlərə əks olunmuşdur. Həqiqi mənada insan mənəviyyatına təmizlik gətirən bu bayram günündə Novruzla bağlı bəzi xalq deyimlərinə nəzər yetirək:

  • Novruzda tut, əncir və şabalıd ağacları əkərlər.
  • Novruzda yanan yerləri suvararlar ki, torpaq rahat olsun.
  • Novruzda səməni göyərməyən evə səməni apararlar.
  • Novruz günü ev sahibi evdə olar.
  • Novruz günü təzə yarpız yığarlar.
  • Novruzda evləri şirələyər, paltar-palazı təmiz suya çəkərlər.
  • Novruzda üzərlik yandırıb, tüstüsünü oğul-uşağa, mal-qaraya verərlər.

 

Bu qədim el bayramı əcdadlarımızın müqəddəs etiqadları, ənənələri, inamları, saf duyğuları ilə sıx bağlı olduğuna görə bu gün hər birimiz onun gəlişini həvəslə, böyük arzularla qarşılayırıq. Və misraya çevrilmiş Novruz adətlərimizi bir daha xatırladırıq:

Qış qurtardı, gəldi yaz,
Çöllər yaşıl don geyinir.
Aşıq sinəsində saz:
- Xoş gəldin, Novruz, - deyir.

Novruzun büsatına
İsladırıq saf dəni.
Sinidə, məcməyidə,
Göyərdirik səməni.

Səmənimiz xoş günün
Gəlişidi, izidi.
Yaşıllığın, bolluğun,
Bərəkətin rəmzidi.

Taxıllar da, beləcə,
Tezcə bara dolacaq.
Hər evin, hər süfrənin
Çörəyi bol olacaq.

Uşaqlar çox həvəslə
Oxuyur bu nəğməni:
- Səməni, saxla məni,
Hər yaz göyərdərəm səni...

***

Qaş qaralcaq hamımız
Evlərə tələsirik.
Papaq, heybə ataraq
Qapıları kəsirik.

İçəridən tərpənir
Heybələrin kəməri.
Tez görmək istəyirik
Verilən hər nəməri.

Evin dəcəl qızları
Zarafatdan qalmayır,
Bayram günüdür deyə
Bizi saya salmayır.

Payını ağır görcək
Hamı sinəyə sıxır.
Açan kimi heybədən
Qapqara pişik çıxır.

***

İlaxır gecəsində
Obaşdan oyanırıq,
Axar çayın önündə
Cərgəylə dayanırıq,

Salamlayıb lal suyu
Qəlbimizi açırıq,
Sonra çay üzərindən
Üç dəfə adlayırıq.

Novruz axşamı qızlar
Xoş niyyətli olurlar.
Qonşunun qapısından
Danışığı pusurlar.

Elə ki içəridən
İlk kəlmə xoş söz olur,
Qızların ürəyinə
Sevinc, məhəbbət dolur...

 

İbrahim YUSİFOĞLU