Martın 18-də Türkiyədə Çanaqqala döyüşlərinin 106-cı ildönümü qeyd olunub. Birinci Dünya müharibəsinin ən qanlı hərbi əməliyyatlarından olan Çanaqqala döyüşlərində Osmanlı ordusu 253 minə yaxın şəhid versə də, İstanbula can atan düşmənin (Antanta qüvvələri) önünü kəsə bildi. Düşmən Çanaqqalanı keçə bilmədi. Qeyd edək ki, Çanaqqala döyüşlərində Osmanlı ordusu sıralarında azərbaycanlılar da iştirak ediblər. Çanaqqala şəhidləri arasında 1,5-2 min nəfər soydaşımızın olduğu bildirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala Zəfərini “Anadoludakı türk varlığına və müqəddəs dəyərlərinə düşmən olanlara qarşı qəhrəman əcdadlarımızın yazdığı şanlı dastan” adlandırıb: “Ən çətin şərtlərdə belə düşmənlərini məğlub edən türk milləti birliyini qorumaq üçün eyni düşüncə ilə canından keçməyə hazırdır”.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, 2018-ci ildən başlayaraq Çanaqqala döyüşlərinin ildönümü hər dəfə bir şüar altında keçirilir. 2021-ci ilin şüarı "Çanaqqala: müstəqillikdən gələcəyə" adlanır.

18 Mart – Çanaqqala Dəniz Zəfəri və Şəhidləri Anma Gününün 106-cı ildönümünü proqramına Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, nazirliklərin, dövlət qurumları və təşkilatların rəhbər və təmsilçiləri qatılıb.

Tədbirdə çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy “Çanaqqala Döyüşləri Mobil Muzeyi”ndən bəhs edib. Bildirib ki, Türkiyədə “Çanaqqala həftəsi” adlandırılan günlərdə səyyar muzey Çanaqqaladan başlayaraq, Kütahya, Uşak, Manisa, İzmir, Aydın, Muğla, Dənizli, Burdur kimi şəhərləri gəzəcək və ziyarətçilərini qəbul edəcək.

1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək davam edən Çanaqqala döyüşləri Osmanlı ilə Antanta dövlətləri arasında baş vermiş dəniz və quru döyüşləridir. İttifaq ölkələri Osmanlı dövlətinin paytaxtı İstanbulu işğal edərək boğazlara nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı ticarət yolu açmaq, Almaniyanın müttəfiqlərindən birini zəiflətmək məqsədilə ilk hədəf olaraq Çanaqqala boğazına girərək müharibənin taleyini qəti şəkildə həll etməyi planlaşdırırdılar. Lakin Türk Ordusunun qəhrəmanlığı düşmənin bu planını puça çıxardı. Bu qanlı döyüşlərdə hər iki tərəf ağır itkilər verdi. Antanta dövlətlərinin hərbi dəniz qüvvələrinin Çanaqqala boğazını keçmək cəhdləri 1915-ci il martın 18-də məğlubiyyətə uğradı. Bu döyüşlər türk xalqının hərb tarixinə qızıl hərflərlə yazılıb.

Qeyd edək ki, COVİD-19 pandemiyası səbəbindən 18 Mart – Çanaqqala Dəniz Zəfəri və Şəhidləri Anma Günü ilə əlaqədar Türkiyə ərazisində nəzərdə tutulan bütün tədbirlər sosial məsafə qaydaları çərçivəsində gerçəkləşib.

Mehparə SULTANOVA
Ankara