Abdulla Şaiqin 140 illiyinə həsr olunmuş videokonfrans keçirildi

Martın 18-də Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri, görkəmli ədib, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, Əməkdar incəsənət xadimi Abdulla Şaiqin (1881-1959) 140 illik yubileyinə həsr olunmuş “Arazdan Turana” adlı videokonfrans keçirildi.

Konfrans Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Yazıçılar Birliyi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə gerçəkləşdi.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri  Qənirə Paşayeva videokonfrans iştirakçılarını salamladı. Bildirdi ki, konfransın  “Arazdan Turana” adlandırılması təsadüfi deyil. Abdulla Şaiq bütün yaradıcılığı boyu türkçülük amallarına xidmət edib: “Azərbaycanda ilk türk ocağının yaradıcısı olan Abdulla Şaiqin gənclərə aşılamaq istədiyi amallar bu gün də aktualdır. “Birləşəlim, türk oğlu, bu yol zəfər yoludur” deyən şair hər zaman türkçü, turançı olub. Görkəmli pedaqoqun 140 illik yubileyinin qeyd edilməsi, konfransın təşkili bizim vəfa borcumuz idi. O, milli şüuru zənginləşdirən, türk köklərinə bağlı insan idi. Qürurverici haldır ki, torpaqlarımızın azad olunduğu, Qələbə sevincli günlərdə böyük pedaqoqun yubileyi qeyd edilir”.

Konfransda çıxış edən mədəniyyət naziri Anar Kərimov tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi, Abdulla Şaiqin milli şüurun formalaşmasında rolundan söz açdı. Qeyd etdi ki, şair XX əsr ədəbiyyatımızda təkrarsız mövqeyə malik yazar, milli ideologiyanın təməlini qoyan aydınlardan biridir: “Abdulla Şaiqin ədəbi-ictimai fəaliyyətə başladığı dövr çox mürəkkəb idi. Ədəbiyyat və incəsənətdə yeni mərhələnin yarandığı həmin tarixi məqamda yazıçıdan yüksək cavabdehlik tələb olunurdu. Şair bu çətin və şərəfli missiyanın öhdəsindən layiqincə gəlib”.

Abdulla Şaiqin yaradıcılığında uşaq ədəbiyyatının prioritet təşkil etdiyini vurğulayan nazir bildirdi ki, bunun da əsasında şairin pedaqoji fəaliyyəti dayanır. Pedaqoq kimi böyük nüfuz qazanmış Abdulla Şaiq uşaq ədəbiyyatının da yaradıcılarından biri idi. Ədibin dəfələrlə tamaşaya qoyulan, cizgi filmi çəkilən, müxtəlif dillərə tərcümə olunan “Tıq-tıq xanım” əsəri ümumilikdə dünya uşaq ədəbiyyatının diqqətəlayiq nümunələrindəndir: “Onun elmə, təhsilə səsləyən roman, povest və hekayələri ədibin adını ədəbiyyatımıza qızıl hərflərlə yazıb. Abdulla Şaiqin çoxcəhətli yaradıcılığında bədii tərcümə də əsas yer tutur. O, yüksək zövq və dünyagörüşü nəticəsində dünya ədəbiyyatının ən maraqlı nümunələrini dilimizə tərcümə edib. Dahi Nizaminin “İsgəndərnamə” poemasının “Şərəfnamə” hissəsini dilimizə tərcümə edən şair, eyni zamanda “Xəmsə”nin ölməz mövzuları əsasında “Nüşabə”, “Sehrli üzük” və “Fitnə” əsərlərini qələmə alıb. Şekspirdən tərcümə etdiyi “Maqbet” pyesi teatr tariximizin qızıl fonduna daxil olub”.

Anar Kərimov Abdulla Şaiqin Azərbaycan maarifçiliyinə mühüm töhfələr vermiş böyük pedaqoqlar nəsli yetişdirdiyini diqqətə çatdırdı: “Şaiqin Azərbaycan elmi-pedaqoji fikrinə ən böyük töhfələrindən biri də oğlu mərhum ədəbiyyatşünas, tənqidçi, akademik Kamal Talıbzadə idi. Kamal Talıbzadə tənqid və ədəbiyyatşünaslıq elmi haqqında ilk söhbətləri də məhz atasının dilindən eşitmişdi. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda romantizm ədəbi cərəyanının formalaşması və inkişafında Abdulla Şaiqin də mühüm xidmətləri olub”.

Nazir çıxışının sonunda konfrans iştirakçılarını şanlı Qələbəmiz və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi.

Azərbaycanda dil açan uşaq Şaiqin şeirləri ilə danışır

Daha sonra konfrans Bakıdakı Atatürk Mərkəzinin şöbə müdiri, şair Əkbər Qoşalının moderatorluğu ilə davam etdi.

Konfransda çıxış edən Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Abdulla Şaiqin bədii yaradıcılığa qəzəl janrı ilə gəldiyini dedi. Diqqətə çatdırdı ki, daha sonradan ədib yeni dövrün tələblərinə uyğun olaraq öz yaradıcılığında yeni bir mərhələ açır: “Biz Şaiqin yaradıcılığında romantizmlə realizmin paralel inkişaf etdiyini, çox zaman vəhdət təşkil etdiyini görürük. O, yaradıcılığında həm də ümumbəşəri ideyalar irəli sürürdü”.

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Abdulla Şaiqi xoşbəxt yazıçı adlandırdı. Bildirdi ki, Azərbaycanda dil açan hər bir uşaq artıq bir əsrdən çoxdur ki, onun şeirləri ilə danışır.

TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı konfrans iştirakçılarını təşkilatın rəhbəri Düsen Kaseinovun adından salamlayaraq qurum tərəfindən türk dünyası ədiblərinin yubileylərinin mütəmadi olaraq qeyd olunduğunu diqqətə çatdırdı. B.Çakıcı vurğuladı ki, Abdulla Şaiqin 140 illiyi ilə bağlı da təşkilat tərəfindən müxtəlif layihələr həyata keçiriləcək.

Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə ailəsi və muzeyin kollektivi adından konfransın təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi. O, konfransı Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, türk dünyasına verilən dəyər kimi səciyyələndirdi.

Konfransda çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova, Türk Ocaqları İstanbul şöbəsinin başqanı Cezmi Bayram, Azərbaycan Türk Ocaqlarının başqanı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, ADPU-nun Quba filialının direktoru Yusif Alı Afşar türk ocaqlarının yaradılması tarixi və Talıbzadələr nəslinin Azərbaycan maarifçiliyində xidmətlərindən söz açdılar.

Daha sonra videokonfrans məruzələrlə davam etdi. Ədəbiyyatşünas, tənqidçi  Cavanşir Yusifli “Abdulla Şaiq: həyatı, yaradıcılığı”, Təranə Turan Rəhimli  “Abdulla Şaiq və türkçülük”, Arzu Hacıyeva “Abdulla Şaiq - ədəbiyyatşünas”, professor Minaxanım Əsədova “Abdulla Şaiq və teatr”, Aygün Bağırlı “Abdulla Şaiqin uşaq yaradıcılığı”, professor Fərrux Rüstəmov “Abdulla Şaiqin pedaqoji fəaliyyəti” mövzusunda çıxışlar etdilər. Bədii qiraət ustası, Əməkdar artist Azad Şükürov şairin “Vətən” şeirini səsləndirdi.

Lalə AZƏRİ