Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova Berlin İslam Əsərləri Muzeyinin yeni layihəsi “Tandem-sofa” onlayn görüşünün ilk qonağı olub.

Dünyanın müxtəlif ölkələrindən, xüsusilə Almaniyadan olan Şərq xalçaları üzrə 70-ə yaxın mütəxəssisin, muzey işçilərinin qatıldığı “Berlin-Bakı görüşü”nü İslam Əsərləri Muzeyinin direktoru Stefan Veber açaraq tədbirin əhəmiyyətindən danışıb.

Şirin Məlikova çıxış edərək XVII əsrə aid Şirvan qrupunun “Şamaxı” xalçası haqqında görüş iştirakçılarına məlumat verib. O, bu nadir saray xalçasının tarixi, üzərindəki naxışların semantikası barədə maraqlı faktları diqqətə çatdırıb.

Berlin İslam Əsərləri Muzeyinin xalça üzrə kuratoru Anna Beselinin isə əməkdaşı olduğu muzeydə qorunub-saxlanılan “Şamaxı” xalçası, onun bərpası və tədqiqi haqqında ətraflı məlumat verib. O, hər iki muzeyin kolleksiyasında qorunan sənət nümunələrinin müqayisəli təhlilini də aparıb.

Qeyd edək ki, İtaliyadan olan xalça eksperti və kolleksiyaçı Stefano İonesku, tanınmış xalça eksperti Alberto Boralevi, Almaniyanın Drezden Dövlət İncəsənət Kolleksiyasının parça, tikmə və geyim üzrə bərpaçı-mütəxəssisi Kristina Müller-Radlov və başqalarının qatıldığı “Berlin-Bakı görüşü” sual-cavabla davam edib. Şirin Məlikova iştirakçıların Azərbaycan xalçaları ilə bağlı suallarını cavablandırıb.