Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti, pandemiya səbəbindən yaranan çətinliklərə baxmayaraq, yeni layihələr üzərində işləyir.

Bu dəfə teatrın yaradıcı kollektivi tanınmış rejissor Cavid İmamverdiyevin quruluşu və ssenarisi əsasında məşhur "Bəxtiyar" (1955) filminin (rejissor Lətif Səfərov) səhnə versiyasını hazırlayacaq.

Onlayn məşqləri başlanan tamaşanın musiqisi görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevə məxsusdur.

Onlayn məşqə qoşulan Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev "Bəxtiyar" filminin tarixindən, teatrın hazırlayacağı bu tamaşanın yaranma zərurətindən danışıb. O, yaradıcı heyətə uğurlar arzulayıb, tövsiyələrini çatdırıb.

Rejissor Cavid İmamverdiyev teatrın təcrübəli və istedadlı aktyorlarına güvənərək bu işə başladığını vurğulayıb, yaradılan şəraitə görə teatr rəhbərliyinə təşəkkürünü bildirib.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, rejissor assistenti Zaur Əliyevdir.

Bəxtiyar obrazını teatrın gənc və istedadlı solistləri Şaban Cəfərov, İbrahim Əlizadə, Emil Zeynallı, Saşa obrazını isə Aydan Həsənova, Mehriban Zaliyeva canlandıracaqlar. Həmçinin Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Çingiz Əhmədov, Əkbər Əlizadə, Nadir Xasiyev, Şövqi Hüseynov, Ələkbər Əliyev, Naidə Orucova, Almaz Ələsgərova, Novruz Qartal, Əzizağa Əzizov və başqaları tamaşada çıxış edəcəklər.