Meksika Senatında Beynəlxalq Novruz Bayramı Günü ilə əlaqədar onlayn formatda tədbir keçirilib. Tədbir Meksika Senatının Xarici Əlaqələr Komissiyasının təşkilatçılığı və Azərbaycan, İran, Pakistan və Qazaxıstan səfirliklərinin dəstəyi ilə keçirilib.

Azərbaycanın Meksikadakı Səfirliyindən bildiriblər ki, tədbirə Senatın sədri Eduardo Ramirez Agilar, Meksika xarici əlaqələr nazirinin müavini Karmen Moreno Toskano da qatılıb.

Senatın Asiya-Pasifik ölkələri ilə əlaqələri Komissiyasının sədri senator Kora Sesiliya Pineda Alonso tədbirdə iştirak edən qonaqları salamlayaraq bildirib ki, baharın gəlişi və təbiətin oyanışını tərənnüm edən Novruz bayramı UNESCO-nun Qeyri-maddi mədəni irsi siyahısına daxil edilib. O, Novruz bayram edən Azərbaycan, İran, Pakistan və Qazaxıstan səfirlikləri ilə birgə belə bir tədbirin keçirilməsindən məmnunluğunu bildirib.

Azərbaycanın səfiri Məmməd Talıbov çıxış edərək Novruz bayramının ölkəmizdə torpağında çox qədim kökləri olduğunu, bu əziz bayramın təntənəli şəkildə qeyd edildiyini bildirib. Diplomat bu kimi təşəbbüslərin xalqların bir-birilərinin qədim tarixi, zəngin mədəniyyətləri, ənənələri barədə daha çox öyrənmək imkanı yaratdığını vurğulayıb.

İran və Pakistan səfirləri, Qazaxıstanın müvəqqəti işlər vəkili çıxış edərək Novruzun öz ölkələrində necə qeyd olunmasından söz açıblar.

Dörd ölkənin Novruz adət-ənənələrini əks etdirən videomateriallar nümayiş etdirilib.

Tədbirin videoyazısı 19 mart tarixindən etibarən Meksika Senatının sosial şəbəkə hesabları və rəsmi internet səhifəsində paylaşılır.