Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, bəstəkar və pianoçu Etibar Əsədli tərəfindən Fortepiano, İfaçılıq və Tarix-nəzəriyyə fakültələrinin tələbələri üçün “Musiqi sahəsində sahibkarlıq” mövzusunda onlayn mühazirə keçirilib.

Mühazirə Britaniya Şurasının (“British Council”) dəstəyi ilə həyata keçirilən və BMA-nın tərəfdaşı olduğu “Creative Spark” ali təhsil proqramı çərçivəsində təşkil olunub.

Onlayn görüşdə musiqi və kreativ sahibkarlıq sahələrində mövcud problemlər və imkanlar, freelanserlik fəaliyyəti, musiqiçilər üçün biznes bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti və bir sıra digər məsələlər müzakirə olunub.

BMA-nın Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova mövzunun aktuallığını bir daha vurğulayaraq mühazirəçiyə təşəkkürünü bildirib.

***

Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi. Orqanologiya və akustika“ elmi-tədqiqat laboratoriyasının  elmi işçisi Nigar Bayramovanın təqdim etdiyi onlayn seminar isə Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Seminarda Nigar Bayramova “Nizami və musiqi” adlı məruzəsi ilə çixış edib. Məruzədə qeyd edilib ki, Nizaminin əsərlərinə bəstələnən və obrazına ithaf olunan musiqi əsərləri Azərbaycan mədəniyyətinin qiymətli inciləridir. Təkcə Üzeyir Hacıbəylinin şairin qəzəllərinə yazdığı “Sənsiz” və “Sevgili canan” romansaları, Qara Qarayevin “Yeddi gözəl” baleti, “Leyli və Məcnun” simfonik poeması, Niyazinin “Xosrov və Şirin” lirik-romantik operası, Fikrət Əmirovun “Nizami” baleti, “Nizami” simfoniyası Nizami irsinin yaradıcılığının milli musiqimizin inkişafında nə qədər böyük rol oynadığını göstərir.

Məruzəçi mövzu ilə bağlı musiqi materialları və kino fraqmentlərini slayd şəklində təqdim edib.

Seminarın sonunda elmi-tədqiqat laboratoriyasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə məruzəçinin çıxışını yüksək qiymətləndirərək, mövzu ətrafında fikirlərini bölüşüb.

Laboratoriyanın baş elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, Xalq artisti Zümrüd Məmmədova, aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov seminar ilə bağlı  fikir mübadiləsi apararaq, məruzəçiyə tövsiyələrini bildiriblər.