Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Notların möcüzəsi” layihəsi başa çatıb.

Layihə üzrə onlayn formatda gerçəkləşən müsabiqəyə 15-dən çox rayondan 150-yə yaxın tələbə, peşəkar musiqi təhsili olmayan istedadlı ifaçılar, həmçinin gənc musiqi kollektivləri qatılıb. İfası ilə fərqlənən 10 iştirakçı kubok, sertifikat və digər həvəsləndirici hədiyyələrlə təltif olunub.

Müsabiqənin məqsədi Azərbaycan bəstəkarlarının retro musiqilərini gənclər arasında tanıtmaq və bacarıqlı gənc ifaçıları üzə çıxarmaqdır.

Gənc sosial şəbəkə istifadəçiləri arasında Azərbaycan korifey bəstəkarlarının və onların retro bəstələrinin təbliğ olunması məqsədilə 50-dən çox musiqili animasiya hazırlanıb, həmçinin 16 həftə boyunca Azərbaycan musiqi mədəniyyətinin gənclər arasında təbliğinə xidmət edən onlayn yarışmalar təşkil edilib.