Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan Azərbaycanın inciləri haqqında silsilə informasiya məktubları hazırlanır. Növbəti informasiya məktubu xalqımızın qədim və ən əziz bayramı olan Novruz haqqındadır.

2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 4-cü sessiyasında Novruz bayramı çoxmillətli nominasiya kimi (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasında Azərbaycan Respublikasının təşəbbüsü ilə 21 mart “Beynəlxalq Novruz Günü” elan olunub.

Ölkəmizdə yazın gəlişini simvolizə edən Novruz xüsusi təntənə ilə qeyd edilir. Ulu babalarımızdan bizə miras qalan Novruza, əcdadlarımızın mədəni-mənəvi mirasına sahib çıxmaq hər birimizin borcudur.

Kitabxananın informasiya məktubunda bu qədim bayramın tarixi, atributları, adətləri haqqında geniş məlumat əksini tapıb.