Səməd Vurğun xalqımızın dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biridir. O, mədəniyyət tariximizə Azərbaycan ədəbiyyatının klassiki, böyük şair və dramaturq, ədəbi prosesin təşkilatçısı kimi daxil olub. Əlliillik ömrünün otuz ilini ədəbi yaradıcılığa həsr edən Səməd Vurğun yüksək vətəndaşlıq poeziyasının əbədi yaşamaq hüququ qazanmış nümunələrini yaradıb.

Müasir Azərbaycan dilinin və ədəbiyyatının zənginləşməsində böyük rol oynamış sənətkarın bədii irsi mədəniyyətimizin inkişafına böyük töhfə olub. Onun lirik şeirləri, yüksək pafoslu qəhrəmanlıq poemaları, dram əsərləri Azərbaycan ədəbiyyatı xəzinəsinə möhkəm daxil olub və Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda böyük şöhrət qazanıb. O, yorulmaz mübariz, gələcəyə nəzər salan arzular şairi idi.

Martın 21-i Xalq şairi Səməd Vurğunun (1906-1956) anadan olmasın 115-ci ildönümüdür.

Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən “Xalq şairi Səməd Vurğun–115” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə şair haqqında görkəmli şəxslərin fikirləri, həyat və yaradıcılığı haqqında kitablar, məqalələr və fotolar təqdim olunur.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar:

http://anl.az/el/vsb/Xalq_sairi_Semed_Vurgun_115/index.htm