Xəbər verdiyimiz kimi, martın 16-da Milli İncəsənət Muzeyində “Novruz ahəngi” adlı sərgi açılıb. Sərgidə Azərbaycanın tanınmış təsviri sənət ustalarının Novruz mövzulu, bahar təravətli tabloları nümayiş olunur.

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov martın 19-da Milli İncəsənət Muzeyindəki sərgi ilə tanış olub. Tədbirdə xarici işlər nazirinin müavini Ramiz Həsənov, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, müxtəlif ölkələrin Bakıdakı səfirliklərinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

İştirakçıları ilk olaraq Novruz ab-havasında qurulmuş zalda aşıq Elçin “Novruz bayramınız mübarək olsun” saz havası ilə salamlayıb. Sonra  Novruz bayramına həsr olunmuş videoçarx nümayiş olunub.

Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev çıxış edərək Novruz bayramının ölkəmizdə hər zaman böyük ruh yüksəkliyi ilə keçirildiyini, muzeyin zəngin kolleksiyasında Novruz bayramına aid maraqlı rəsm əsərlərinin qorunduğunu bildirib.

Mədəniyyət naziri Anar Kərimov qonaqlara Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. Uzunillik həsrətdən sonra Azərbaycanın mədəniyyət beşiyi olan Qarabağda, o cümlədən Şuşada Novruz bayramının qeyd edildiyini söyləyən nazir Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib. Şuşa qalası önündə yandırılan bayram tonqalını qürurverici an və gözəl mənzərə kimi dəyərləndirən nazir deyib: “44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın iradəsi və şanlı Ordumuzun şücaəti sayəsində Qarabağımıza qovuşduq. Novruzun işğaldan azad olunan ərazilərdə qeyd olunması xalqımıza böyük ruh yüksəkliyi və bayram əhval bəxş edir”. 

Anar Kərimov qeyd edib ki, Novruz baharın gəlişinin bayram edilməsi, təbiətin oyanmasının, canlanmasının simvolu olmaqla yanaşı, həm də özündə ümumbəşəri dəyərləri təcəssüm etdirir. Xalqımız Novruzun ənənələrini hər zaman yaşadıb. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti həm də milli köklərə söykənən ənənələrin yaşadılmasına və daha geniş miqyasda təbliğinə imkan yaradıb.

2009-cu ildə Novruz bayramının UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildiyini bildirən nazir Azərbaycan-UNESCO əlaqələrinin inkişafında, xalqımızın mənəvi dəyərlərinin, mədəniyyətinin beynəlxalq səviyyədə təbliğində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əvəzsiz rolunu vurğulayıb.

Qeyd olunub ki, 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında Azərbaycan Respublikasının təşəbbüsü və digər tərəfdaş ölkələrin dəstəyi ilə 21 mart “Beynəlxalq Novruz Günü” elan edilib. Bu təşəbbüs Azərbaycan dövlətinin bütün xalqlarla həmrəylik, dostluq və anlaşma şəraitində yaşamaq istəyi ilə yanaşı, eyni zamanda mədəniyyətin, mənəvi dəyərlərin irqindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar arasında birləşdirici rolunun təşviq olunmasının əhəmiyyətini bir daha göstərir.

Xarici işlər nazirinin müavini Ramiz Həsənov, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev və Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək Novruz bayramının əhəmiyyətini qeyd ediblər.

Vurğulanıb ki, torpaqlarımızın azad edilməsində canından, qanından keçən  oğulların bir vətənpərvər kimi yetişməsində yaradıcı insanların da rolu olub. Onların əsərlərində aşılanan yurd sevgisi Vətən övladlarının milli ruhda tərbiyələnməsinə töhfə verib.

Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.