Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və www.artgift.az saytının təşkilatçılığı ilə Novruz bayramı münasibətilə rəssamların onlayn satış-sərgisi keçirilib.

Satış-sərgi gənc nəsil arasında Novruz bayramının ənənələrini yaşatmaq, rəssamların yaradıcılığını dəstəkləmək və stimullaşdırmaq məqsədilə təşkil olunub.

Azərbaycan xalqının mədəni irsini, milli adət-ənənələrini, folklorunu özündə ehtiva edən və yaşadan Novruz bayramına zaman-zaman təsviri sənət ustaları öz yaradıcılığında yer verib və bədii dəyərə malik əsərlər yaradıblar.

Sərginin virtual ekspozisiyasında Novruz motivləri və milli adət-ənənələri əhatə edən mövzularda qrafika, rəngkarlıq, dekorativ-tətbiqi sənət və heykəltəraşlıq nümunələri təqdim olunub.

Onlayn satış-sərgi Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi “Facebook” və “İnstagram” sosial şəbəkələri, eyni zamanda www.artgift.az incəsənət əsərlərinin satış portalı vasitəsilə reallaşıb.