Gürcüstanın dövlət və hökumət rəhbərləri ölkənin azərbaycanlı vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik ediblər.

Prezident Salome Zurabişvili soydaşlarımıza təbrik məktubları ünvanlayıb. Təbrik məktubunda deyilir ki, bahar bayramı olan Novruz təbiətin oyanışı, yeni enerji anlamını daşıyır və yeni başlanğıcın, daha yaxşı gələcəyə ümidin simvoludur.

Novruz bayramını qeyd edən bütün vətəndaşları da təbrik edən prezident hər bir şəxsə əmin-amanlıq, cansağlığı və xoşbəxt gələcək arzulayıb.

Baş nazir İrakli Qaribaşvilinin Novruz bayramı ilə əlaqədar “Facebook” səhifəsində yazdığı təbrik məktubunda deyilir: “Novruz bayramı Yeni il və yeni həyatın başlanğıcının simvoludur. Azərbaycanlı vətəndaşları gözəl bahar bayramı münasibətilə təbrik edirəm. Onların hər birinə əmin-amanlıq, xoşbəxtlik, tərəqqi və firavanlıq arzulayıram”.

“Novruz bayramının Gürcüstanda qeyd olunması çoxəsrlik tarixə malikdir. Bu, Gürcüstan mədəniyyəti və ənənələrinin müxtəlifliyinin bariz nümunəsidir”, – deyə hökumət başçısı vurğulayıb.

Gürcüstan Parlamentinin sədri Arçil Talakvadze də ölkənin azərbaycanlı vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edib.

“Parlamentin adından azərbaycanlı vətəndaşlarımızı Novruz bayramı münasibətilə təbrik edirəm. Bizi bir vətən və çoxəsrlik birgəyaşayış tarixi birləşdirir. Bahar, ümid və yenilənmə bayramınız mübarək!”, - deyə təbrikdə bildirilir.

Təbrik məktublarında deyilir: “Pandemiya səbəbindən, təəssüflər olsun ki, bu il də bu qədim bayramı birgə qeyd etmək imkanı olmadı. Amma birgə səylərimiz nəticəsində pandemiyanı məğlub edəcəyik və gələcəkdə gözəl Novruz bayramının ənənəvi keçirilməsi Gürcüstan baharının daim yaraşığı olacaq”.

***

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət naziri Tea Axvlediani isə martın 20-də Marneulidə 2 nömrəli məktəbdə təşkil olunan Novruz şənliyində iştirak edib.

Nazir məktəbin kollektivinə hədiyyələr təqdim edib, Novruz bayramına həsr olunan əl işlərindən ibarət sərgiyə baxıb, bayram münasibətilə hazırlanmış şirniyyatların dadına baxıb.

Tea Axvlediani çıxış edərək şagirdləri, müəllimləri və valideynləri Novruz bayramı münasibətilə təbrik edib, onlara həyatda və təhsildə uğurlar arzulayıb.

O, ölkədəki mədəni müxtəlifliyin qorunub saxlanılmasında, mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsində gənclərin rolundan danışaraq deyib: “Mən dövlət naziri olaraq etnik azərbaycanlıların belə bayram şənliyində ilk dəfə iştirak edirəm. Bizə əziz və doğma olan azərbaycanlı vətəndaşlarımızı həyatın yenilənməsinin, baharın gəlişinin, təbiətin oyanmasının təntənəsi olan Novruz münasibətilə təbrik etmək mənim üçün böyük şərəfdir”.

Tea Axvlediani bildirib ki, Gürcüstanın etnik və mədəni müxtəlifliyi ölkənin milli sərvəti və güc mənbəyidir.

Sonra şagirdlərin ifasında Azərbaycanın və Gürcüstanın xalq mahnı və rəqsləri təqdim olunub.