Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Novruz bayramı münasibətilə türk dünyasını təbrik edib.

Təbrikdə bizə qədim dövrlərdən, uzaq keçmişdən gəlib çatan Novruz bayramının türk dünyasının hər yerində böyük şövqlə qeyd olunduğu bildirilir. Vurğulanır ki, bu bayram mənəvi dəyərlərin və humanist ideyaların təntənəsi, sevgi və tolerantlığın rəmzi, yeni ümid və arzuların yaranmasıdır. Novruz bayramı insanları sülhə, həmrəyliyə və yeniliyə çağıraraq, həm də tarixi dəyərlərə diqqətli yanaşmanı aşılayır. Bu bayram adət və ənənələri dirçəldərək nəsillər arasında daimi bağlılığı nümayiş etdirir.

Qeyd edilir ki, builki Novruz həm də onunla əlamətdardır ki, bayram otuz ildən sonra doğma Qarabağda, işğaldan azad olunmuş torpaqlarımızda qeyd olunur.

“Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından bütün türkdilli xalqları bu gözəl bahar bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, bahar əhval-ruhiyyəsi və bolluq arzulayıram”, - deyə təbrikdə qeyd edilir.