Martın 22-də Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY baharın gəlişini, yeni günün, yeni ilin başlanmasını simvolizə edən və türk xalqlarının mədəni irsində çoxəsrlik tarixi olan Novruz bayramını qeyd etdi.

Öncə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və qurumun heyəti Novruz bayramı münasibətilə Türkiyə Böyük Millət Məclisinin Başqanı Mustafa Şentopu ziyarət edib. Görüşdə TÜRKSOY-un fəaliyyətindən bəhs olunub, quruma üzv ölkələrin milli ənənələrini, eləcə də ortaq mədəniyyətini yaşatmağın vacibliyi vurğulanıb.

Mustafa Şentop bildirib ki, Novruz xalqlarımızı bir-birinə möhkəm tellərlə bağlayan, əcdadlarımızdan bizlərə miras qalan ortaq dəyərlərimizi gələcək nəsillərə daşıyan bolluq və bərəkət bayramıdır.

TÜRKSOY-un fəaliyyəti və perspektivləri barədə məlumat verən Düsen Kaseinov Novruz bayramı başda olmaqla türk dünyasının ortaq mədəniyyətinin dünyada tanıdılması istiqamətində görülən işlərə verilən dəstəyə görə Türkiyə parlamentinin rəhbərinə təşəkkürünü ifadə edib.

 

Türkiyənin mədəniyyət və turizm naziri Novruz münasibətilə TÜRKSOY-u ziyarət etdi

 

Sonra TÜRKSOY-un Ankaradakı qərargahında Novruz bayramı münasibətilə mərasim keçirildi. Mərasimə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da qatılmışdı.

Türk dünyasının ortaq bayramı olan Novruzu hər il Türkiyənin müxtəlif şəhərlərində, eləcə də Avropa və Amerikada təmtəraqla qeyd edən TÜRKSOY bu il pandemiya ilə əlaqədar öz qərargahında tədbirlə kifayətlənməli oldu.

TÜRKSOY-u ziyarət edən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bolluğun və bərəkətin simvolu olan səməni ilə qarşılandı.

Nazir və Düsen Kaseinov birlikdə Novruz tonqalını yandırdılar, bayram ənənəsinə uyğun olaraq tonqalın üzərindən atladılar. Çəkiclə dəmir döyüldü və boyanmış yumurtalar “döyüşdürüldü”.

Tədbirdə çıxış edən Düsen Kaseinov bəşər tarixi boyunca bütün xalqların öz mədəniyyətlərində baharın gəlişini həvəslə, bir festival və bayram havasında qarşıladıqlarini söylədi.

Novruzun türk dünyasını ortaq mədəni dəyərlərlə bağlayan, adət və ənənələrin yaşadılmasına, nümayiş etdirilməsinə, möhkəmlənməsinə səbəb olan dostluq və həmrəylik bayramı olduğunu söyləyən baş katib, həmçinin TÜRKSOY-un bu qədim ənənəni daha geniş şəkildə təbliğ etməsinin tarixinə toxundu. Bildirdi ki, 1995-ci ildən bəri TÜRKSOY Novruzun Türkiyədə və türk respublikalarında qeyd edilməsinə dəstək verir.

D.Kaseinov onu da diqqətə çatdırdı ki, 2009-cu ildə TÜRKSOY-a üzv olan ölkələrin də təşəbbüsü ilə Novruz UNESCO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısı"na daxil edilib. 2010-cu ildə isə BMT Baş Assambleyası 21 mart tarixini “Beynəlxalq Novruz Günü” elan edib: “TÜRKSOY olaraq yüzdən çox sənətçinin iştirakı ilə BMT-nin mənzil-qərargahında böyük Novruz şənliyini təşkil edərək bu möhtəşəm bayramı taclandırdıq”.

 

Ortaq keçmişi və mədəniyyətimizi yaşadan bayram

 

Baş katib vurğuladı ki, türk xallarının ortaq keçmişini və mədəniyyətini yaşadan Novruz kimi milli bayramlarımız birliyimizi və həmrəyliyimizi tərənnüm edir: “Bu səylərimizdə bizə ən böyük gücü və dəstəyi Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, eləcə də üzv ölkələrimizin müvafiq nazirlikləri verməkdədir”.

Tədbirdə çıxış edən nazir Mehmet Nuri Ersoy Novruzun dünya xalqlarının ortaq mədəniyyətləri arasında qəbul edilməsinin önəmli olduğunu bildirdi: “Türk cümhuriyyətlərinin, türksoylu ölkələrinin ortaq mədəniyyətlərinin bir hissəsi artıq dünya mədəniyyəti ilə birlikdədir. Bizim məqsədimiz TÜRKSOY-un fəaliyyətlərini bütün dünyaya yaymaq və qurumun mədəni əlaqələrini hər keçən il daha da möhkəmləndirməkdir.

Çıxışlardan sonra Ankara Türk Dünyası Musiqi Qrupunun ifasında türk coğrafiyasının müxtəlif bölgələrinə xas ənənəvi rəqslər iştirakçılar tərəfindən maraqla izləndi.

Tədbirin sonunda Düsen Kaseinov məşhur qazax ədibi və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyi münasibətilə TÜRKSOY tərəfindən elan edilən “2020 – Abay Kunanbayevi anma ili” çərçivəsində hazırlanan "Abay” medalını nazir Mehmet Nuri Ersoya təqdim etdi. Abayın hikmətli sözləri və türk dünyası rəssamlarının onun əsərlərinə çəkdikləri illüstrasiyaların yer aldığı “Abayı oxumaq” bədii albomu və TÜRKSOY-un xatirə hədiyyəsi də nazirə təqdim olundu.

Bayram mərasiminin iştirakçıları Novruz plovunun da dadına baxdılar.

Mehparə SULTANOVA
Ankara