Xəbər verdiyimiz kimi, Tacikistanın paytaxtı Düşənbə 2021-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) “Mədəniyyət paytaxtı” elan edilib.

Bununla bağlı martın 21-də Düşənbədəki Sədrəddin Ayni adına Opera və Balet Teatrında mərasim keçirilib.

Mərasimdə MDB İcraiyyə Komitəsi sədrinin müavini Baketjan Jumanqulov və MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoli İksanov çıxış ediblər. “Birliyin mədəniyyət paytaxtı – 2021” sertifikatı Düşənbə şəhərinin sədri Rüstəm Emamaliyə təqdim edilib. Sonra konsert proqramı təqdim olunub.

Xatırladaq ki, 2020-ci ildə Qazaxıstanın Çimkənd (Şımkent) şəhəri MDB-nin “Mədəniyyət paytaxtı” elan edilmişdi. Lakin pandemiya il ərzində nəzərdə tutulan tədbirlərin çoxunu həyata keçirməyə imkan vermədi.

“Birliyin mədəniyyət paytaxtları” proqramı 2010-cu ildə qəbul olunub. MDB-nin Humanitar Əməkdaşlıq Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşəbbüsü ilə qəbul olunan proqram çərçivəsində 2011, 2012, 2014 və 2015-ci illərdə iki şəhər, 2013-cü ildə üç şəhər bu ada layiq görülmüşdü.

2016-cı ildən etibarən hər il bir şəhər MDB-nin “Mədəniyyət paytaxtı” elan edilir. 2013-cü ildə Azərbaycandan Qəbələ, 2017-ci ildə isə Gəncə şəhələri bu adı daşıyıb.

Düşənbə Tacikistandan “Mədəniyyət paytaxtı” seçilən ikinci şəhərdir. 2015-ci ildə bu adı Kulyab şəhəri almışdı.