27 mart Dünya Teatr Günüdür (World Theatre Day). Bu gün 1961-ci ildə UNESCO nəzdində fəaliyyət göstərən Beynəlxalq Teatr İnstitutunun (İTİ) Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub.

Əlamətdar haldır ki, Azərbaycanda Milli Teatr Günü (10 mart) də Dünya Teatr Günü ilə eyni aya təsadüf edir. Təəssüf ki, koronavirus pandemiyası səbəbindən artıq ikinci ildir hər iki peşə bayramı teatrlarımızın qapılarının tamaşaçılar üçün bağlı olduğu bir şəraitdə qeyd edilir. Buna baxmayaraq teatrlar mövcud şərtlər çərçivəsində – tamaşaların videoyazılarının nümayişi və müxtəlif onlayn layihələrlə fəaliyyətini davam etdirməyə çalışırlar.

Azərbaycan teatr sənəti zəngin tarixə malikdir. XIX əsrin ikinci yarısından başlayaraq cərəyan edən ictimai-siyasi hadisələr maarifçilik hərəkatının inkişafına təkan vermişdi. Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynadı. Görkəmli maarifçi Həsən bəy Zərdabi və yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının tamaşaya qoyulması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi, peşəkar teatrın təməli qoyuldu.

Azərbaycan teatr sənəti sonrakı dövrlərdə mühüm inkişaf mərhələlərini keçib. Bu gün ölkəmizdə 27 dövlət teatrı fəaliyyət göstərir. Müstəqillik dövründə Azərbaycan teatrının  dünya teatr məkanına inteqrasiyası, müxtəlif ölkələrin teatrları ilə yaradıcılıq əlaqələrinin qurulması istiqamətində də addımlar atılıb. Teatr kollektivləri 20-dən çox ölkədə beynəlxalq tədbirlərdə, festivallarda, qastrol səfərlərində Azərbaycanı təmsil edib. Eyni zamanda, xarici ölkələrdən 10-dan çox teatr kollektivi Azərbaycanda qastrol səfərində olub.

Ölkə başçısının imzaladığı “Teatr və teatr fəaliyyəti haqqında” qanun (2006), “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam (2007), “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı (2009) və digər sənədlər teatr sahəsinə olan diqqət və qayğını göstərir, teatr prosesinin inkişafına xidmət edir. 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 10 mart Milli Teatr Günü kimi təsis olunub.

Dövlət Proqramı çərçivəsində Azərbaycan Dövlət Kukla, Azərbaycan Dövlət Akademik Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Musiqili, Mingəçevir teatrlarının binalarında təmir və yenidənqurma işləri aparılıb, eləcə də Şuşa, Ağdam və Füzuli Dövlət Dram teatrları müvəqqəti yerləşdikləri binalarda yaradıcılıq üçün hər cür şəraitlə təmin olunub.

2020-ci ilin 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfər sayəsində Qarabağda mədəniyyətimizin dirçəlişi üçün də tarixi bir səhifə açılıb. Otuz il əvvəl Qarabağdan – Şuşadan, Ağdamdan, Füzulidən didərgin düşən teatrlarımız tezliklə yenidən qurulacaq doğma şəhərlərdə fəaliyyətini davam etdirəcək.