İtaliyanın “Lo Spessore” analitik portalında tədqiqatçı-jurnalist Domeniko Letizianın “Azərbaycanı gözdən salmaq üçün Ermənistanın yeni siyasi oyunu” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə işğal zamanı ermənilərin Cəbrayıl rayonunda qanunsuz olaraq inşa etdiyi “ibadətgah”la bağlı yalanlardan söz açılıb.

Məqalədə diqqətə çatdırılır ki, Azərbaycan dünyada məscidlərin və yəhudi mədəniyyətinin, abidələrin, bütün ölkə ərazisində xristian kilsələrinin və dini irsin qorunması ilə tanınır.

“Ermənistanla münaqişənin bitməsindən sonra Azərbaycanın Mədəniyyət Nazirliyi ölkənin multikultural və çoxkonfessiyalı ölkə olduğunu bir daha bəyan edib. Azərbaycan əsrlər boyu sülh şəraitində yanaşı yaşamış və birlikdə çalışmış bütün xalqların və dinlərin nümayəndələrinin vətəni olub. Mədəniyyət Nazirliyi bildirib ki, dövlət mədəni irsinin mühafizəsinə, bərpasına və yenidən qurulmasına lazımi diqqət göstərir”, - deyə məqalə müəllifi yazır.

Jurnalist qeyd edir ki, Azərbaycanın xristian icması ölkə cəmiyyətinin fəal bir hissəsini təmsil edir. Abidələr, ibadət yerləri və kilsələr dövlət tərəfindən mühafizə edilir və mütəmadi olaraq bərpa olunur: “Təsadüfi deyil ki, Roma Papası Fransisk 2016-ci ilin oktyabr ayında Azərbaycana səfəri zamanı Azərbaycanı dini tolerantlıq üzrə dünyada model ölkə kimi qiymətləndirib. Tarixi-dini abidələrin, o cümlədən kilsə, sinaqoqların bərpası, yenidən qurulması Azərbaycan dövlətinin multikulturalizmin təşviqi istiqamətində həyata keçirdiyi siyasətin tərkib hissəsidir”.

Məqalədə qeyd edilir ki, ermənilərin Cəbrayıl şəhərində işğal zamanı inşa etdiyi “ibadətgah” ilə bağlı BBC-nin məlumatı dini-mədəni irs mövzusunda növbəti saxta xəbərlərin yayılmasına səbəb olub.

Ermənistan tərəfindən verilmiş coğrafi koordinatlar əsasında “erməni ibadətgahı” axtaran müxbir onu tapmayıb. Buna görə də azad edilmiş ərazilərdə dini tikilinin dağıdıldığını qeyd edərək münaqişəyə dini bir don geyindirməyə çalışıb.

Yazıda xatırladılır ki, BMT TŞ-nın qətnamələri ilə təsdiq olunduğu kimi, 1993-cü ildə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Cəbrayıl rayonunda işğaldan əvvəl yalnız azərbaycanlılar məskunlaşmışdı. Erməni irsi kimi təqdim olunan bu “ibadətgah” 2017-ci ildə Ermənistanın hərbi işğalı zamanı, erməni əsgərləri üçün bir hərbi hissənin yanında inşa edilib. O dövrün erməni mətbuatının qeyd etdiyi kimi, sözügedən kilsə “torpaqların heç vaxt Azərbaycana qaytarılmayacağının” bir simvolu olmalı idi.

Bu səbəbdən də qeyd olunan tikili bölgənin mədəni və dini irsinin bir hissəsi deyil.

“Bu, işğal vaxtı Azərbaycan ərazisində inşa edilmiş müasir bir tikilidir. Bütün işğal dövründə Ermənistan hökuməti və özəl şirkətlər tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilmiş qanunsuz hər hansı bir fəaliyyət kimi bu tikilinin həmin ərazidə mövcudluğu da qanunsuzdur.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Azərbaycana aid hər şeyi dağıtmaqla bərabər ibadətgah qurmaq xristianlığın təməl prinsiplərinə ziddir” deyə "Twitter"də edib. O, hələ 2017-ci ildə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışarkən ermənilərin heç vaxt yaşamadıqları işğal altındakı Cəbrayıl rayonunda qanunsuz hərbi ibadətgahın inşa edilməsinə dair bəyanat verdiyini xatırladıb.

Hikmət Hacıyev, həmçinin 2017-ci ildə Azərbaycanın istəyi ilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin o vaxt işğal olunmuş Cəbrayıla səfər etdiklərini və ibadətgahın inşası faktını qeydə aldıqlarını da xatırladıb. “Missiyanın sonunda, ibadətgahın burada olan əsgərlərin ehtiyacları üçün tikildiyi bildirilir” deyə yazan H.Hacıyev işğal olunmuş ərazilərin dini və mədəni məhiyyətini dəyişdirmək cəhdinin qanunsuz bir hərəkət olduğunu əlavə edib”, - deyə məqalədə bildirilib.

Məqalədə BBC-nin bu “ibadətgah”ın qəsdən məhv edilməsi iddialarına da cavab verilib.

Xatırladılıb ki, 44 günlük müharibə zamanı Cəbrayılın azadlığı uğrunda şiddətli döyüşlər gedib. Bu “ibadətgah” hərbi hissəyə yaxın tikildiyi üçün hərbi əməliyyatlar zamanı onun dağılması mümkün ola bilərdi.

“Ermənistanın başlatdığı “geosiyasi oyun”un azlıqların müdafiəsi və fərqli dini konfessiyaların müdafiəsi ilə heç bir əlaqəsi yoxdur. Bunun yalnız Azərbaycanı gözdən salmaq üçün edilən bir siyasi oyun olduğu aydın görünür. Digər tərəfdən isə Azərbaycana qarşı aparılan bu təbliğatın arxasında erməni xalqında nifrət və intiqam hissləri aşılamaq dayanır.

Azərbaycan torpaqlarının təxminən otuzillik işğalı zamanı Ermənistan bütün gücü ilə məlumatları saxtalaşdırıb. Pravoslav kilsələrinin, xüsusilə Ermənistanla heç bir əlaqəsi olmayan, yerləşmə ərazisi indiki Azərbaycanın ərazisi olan torpaqlarda Qafqaz Albaniyasının qədim məbəd və monastırlarının tarixini dəyişib. İşğal olunmuş torpaqlardakı əsrlərdən bəri mövcud olan Azərbaycanın mövcudluğunu silməyə çalışıb. Təəssüf ki, bunların heç biri işğal illərində dünya mediasının gündəmində olmayıb.

Digər tərəfdən, hər bir İtaliya vətəndaşı və dünya paytaxt Bakının mərkəzindəki erməni kilsəsinə getməklə Azərbaycanın erməni irsini necə qoruduğunu anlaya bilər. Münaqişəyə, Ermənistanın işğal etdiyi ərazilərdəki mədəni irsin məhv edilməsinə baxmayaraq, Azərbaycan hökuməti dövlət vəsaiti ilə bərpa olunan və erməni dilində beş minə yaxın kitabın saxlanıldığı bu erməni kilsəsini qoruyub. Sözügedən kilsə Azərbaycana gedən bütün turistlər tərəfindən ziyarət edilə bilər” – deyə məqalədə bildirilir.

Məqalənin tam mətni burada:

https://www.lospessore.com/26/03/2021/nuova-mossa-politica-dellarmenia-per-screditare-lazerbaigian/?fbclid=IwAR2u1U2zKW31LJkFm8xWZH7pJVXDZegS4zHwIL8lu4rQUhwilXpAvJjMu_I