Teatr pərdəsi digər həyatlara, digər zamanlara, duyğulara açılır. Bizi bizdən uzaqlaşdırıb, ağlımızın və ruhumuzun nəfəs almasına və dincəlməsinə, düşüncə və hisslərimizdən fərqli və dəyişkən bir nəsnələrə diqqət yetirməyimizə imkan verir.

Bu sözlər Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun 27 mart – Dünya Teatr Günü münasibətilə teatr ictimaiyyətinə ünvanlandığı müraciətdə vurğulanır.

Dünyanın hər yerində olduğu kimi, Türkiyədə də əlamətdar gün pandemiyanın doğurduğu məhdudiyyətlər şəraitində qeyd olunur.

“Geridə qoyduğumuz 2020-ci il və bu gün də mübarizə apardığımız pandemiya hamımızın sənətin yaradacağı dəyişikliklərə nə qədər ehtiyac duyduğumuzu çox açıq və güclü şəkildə göstərdi” – deyə müraciətdə bildirilir.

Müraciətin sonunda nazir teatr ictimaiyyətinə təşəkkürünü də ifadə edib: “Sənət boş vaxtın istifadə edilə biləcəyi bir detal deyil, zamana ehtiyac duyan həyatın əsas mövzusudur. Dünya Teatr Gününü bu şüurun daha da genişləndiyi və sənət həyatımızın ayrılmaz hissəsinə çevrildiyi və pərdələrin hər zaman açıq olması diləyilə təbrik edir, keçmişdən bu günə qədər türk teatrını yaradan və səhnədə iz qoyan bütün sənətkarlarımıza və teatr işçilərimizə təşəkkürümü bildirirəm”.

Mehparə SULTANOVA
Ankara