1600 illik yubileyini qeyd edir

İtaliyanın Venesiya şəhərinin yaranmasının 1600 illiyinə həsr olunmuş yubiley tədbirləri başlayıb.

Yubiley tədbirlərinə Rialto adasındakı San Ciakomo kilsəsində dini ayinlə start verilib. Əfsanəyə əsasən, şəhərin əsası 25 mart 421-ci ildə məhz bu adada inşa edilən kilsə ilə qoyulub.

Kilsənin və gələcək şəhərin təməlinin 408-ci ildə qərbi qot tayfalarının sərkərdəsi Alarixin hücumlarından qaçıb buradakı kiçik adalarda gizlənən qaçqınlar tərəfindən qoyulduğu bildirilir. Sonradan hövzənin nisbətən yüksəkdə yerləşən Rialto adasının ətrafındakı adalar üzərində şəhərə çevrilən və Orta əsrlərdə güclü dövlətlərdən biri olan Venesiyanın başlanğıc nöqtəsi həmin kilsə hesab olunur.

Şəhərin yaranmasına həsr olunmuş tədbirlər bir il – 2022-ci ilin martına qədər davam edəcək.

Hər il milyonlarla turistin səfər etdiyi, UNESCO-nun Dünya irs siyahısına salınan Venesiyada yubiley tədbirləri pandemiya ilə əlaqədar məhdud formatda keçirilir.

Şəhərin meri Luici Bruqnaro isə Venesiyanın əvvəlki şan-şöhrətinin geri dönəcəyinə ümidvar olduğunu bildirib: “Buradan bir ümid mesajı göndərmək istəyirəm: Venesiya yaşayır, İtaliya yaşayır”.

İtaliya poçtu şəhərin yubiley münasibətilə 500 min tirajla xüsusi xatirə markaları buraxıb.