Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə yanvarın 25-dən muzeylərə və memorial komplekslərə xüsusi karantin rejimi qaydalarına riayət etməklə məhdud sayda ziyarətçi qəbul etməyə icazə verilib. Quba şəhərindəki Soyqırımı Memorial Kompleksi də karantin rejiminin qaydalarına uyğun fəaliyyətini davam etdirir.

31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı kompleks tərəfindən bir sıra maarifləndirici layihələr həyata keçirilib. Kompleksə gələn ziyarətçilərə 1918-ci ildə erməni-daşnak və bolşevik qüvvələrinin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı haqqında materiallar – 3 dildə (Azərbaycan, ingilis və rus) sənədli filmin yazıldığı disklər, 5 dildə (Azərbaycan, ingilis, rus, türk, ərəb) bukletlər və digər çap məhsulları təqdim edilib.

Təbliğat materiallarının bir qismi 31 mart tarixində Quba şəhərinin park və meydanlarında könüllü gənclər tərəfindən sakinlərə təqdim edilib.

Quba Soyqırımı Memorial Kompleksi 1918-ci ilin martında erməni-daşnak və bolşevik qüvvələri tərəfindən şəhərdə həyata keçirilmiş qırğının qurbanlarının kütləvi məzarlığı yerində yaradılıb.