İnsan Hüquqları üzrə Müvəkkil Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Erməni millətçilərinin xalqımıza qarşı tarixin müxtəlif mərhələlərində həyata keçirdikləri etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən biri də 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilən soyqırımıdır.

Bu barədə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar yaydığı bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, 1918-ci il soyqırımında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Lənkəran, Hacıqabul, Salyan, Kürdəmir və digər ərazilərdə erməni daşnaklarının və onların havadarlarının silahlı dəstələri tərəfindən minlərlə azərbaycanlı məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə yeksan edilib. Bir çox qədim bina, o cümlədən Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyə” binası, Təzəpir məscidi top atəşinə tutulmuş, Şamaxıda qədim Cümə məscidi yandırılmışdı.

Bildirilir ki, martın sonlarında Bakı quberniyasında başlanan kütləvi qətllər və talanlar daha sonra Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Göyçədə və digər bölgələrdə davam etdirilib. Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi dağıdılıb, yandırılıb və talan edilib, qadın, uşaq və yaşlılar da daxil olmaqla, dinc əhaliyə divan tutulub. Azərbaycanın tarixi torpaqlarına daxil olan İrəvan şəhərində və onun ətrafında 199 kənd yerlə yeksan edilib. 

Bəyanatda diqqətə çatdırılır ki, 1998-ci il mart ayının 26-da Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla bu hadisələrə siyasi-hüquqi qiymət verilib, 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Son illər bu istiqamətdə aparılan araşdırmalar nəticəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Həmin ərazidə yaradılan Quba Soyqırımı Memorial Kompleksi ermənilərin günahsız azərbaycanlılara qarşı vandalizm hərəkətlərini əyani sübutlarla əks etdirir.

Vurğulanır ki, 1918-ci ildə on minlərlə dinc insanın kütləvi şəkildə etnik və dini mənsubiyyətinə görə qətlə yetirilməsi, bu cinayət əməlinin öncədən planlaşdırılaraq mərhələli şəkildə Azərbaycanın müxtəlif ərazilərində törədilməsi faktları məhz soyqırımı cinayəti kimi tövsif edilməlidir. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, soyqırımı, insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, insanlığa qarşı ən ağır cinayətlərdəndir. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya görə, qabaqcadan düşünülmüş qaydada, hər hansı milli, etnik, irqi, yaxud dini qrupun kütləvi şəkildə tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilmiş cinayət əməlləri soyqırımı aktıdır.

Təəssüf ki, 1918-ci ildəki azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri beynəlxalq miqyasda hələ də öz siyasi-hüquqi qiymətini almayıb.

“Biz dünya birliyini və beynəlxalq təşkilatları ikili standartlara yol vermədən, beynəlxalq hüquq normaları və prinsiplərini rəhbər tutaraq, insanlıq əleyhinə cinayət olan, 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımına səssiz qalmamağa, bu qatı cinayəti beynəlxalq səviyyədə soyqırımı aktı kimi tanımağa, qətiyyətli və ədalətli mövqe nümayiş etdirməyə çağırırıq”, – deyə bəyanatda bildirilir.

Bəyanat BMT-nin Baş katibinə, BMT Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali komissarına, BMT-nin Qaçqınlar üzrə Ali komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNİCEF, UNESCO, Avropa İttifaqı, Avropa Şurası və ATƏT-in rəhbərlərinə, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına və digər beynəlxalq qurumlara, insan hüquqları institutlarına göndərilib.