Türkiyədə Ədliyyə Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyi birgə layihə həyata keçirir

Martın 29-da Türkiyədə ənənəvi, bu il 57-ci dəfə keçirilən “Kitabxana həftəsi”nə start verilib. Mədəniyyət və turizm naziri Mehmet Nuru Ersoy bu münasibətlə ictimaiyyətə təbrik mesajı da ünvanlayıb. “İnsanlığın yaddaşı olan kitabxanalar bilginin əldə edilməsi, istifadəsi və paylaşılmasını təmin edərək keçmişdən gələcəyə etibarlı yol açırlar” – deyə mesajda vurğulanır.

Budəfəki “Kitabxana həftəsi”nin başlanması əlamətdar hadisə ilə də yadda qalıb. Ankarada, Türkiyə Milli Kitabxanasının konfrans salonunda ölkənin Ədliyyə Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyi arasında "Cəzaçəkmə yerlərində kitabxanaların qurulmasına dair əməkdaşlıq protokolu" imzalanıb.

Ədliyyə naziri Əbdülhəmit Gül və mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy tərəfindən imzalanan protokol cəzaçəkmə müəssisələrində kitabxanaların təşkili, məhkumlar arasında təhsil və mədəni inkişafla bağlı birgə fəaliyyəti ehtiva edir.

Nazir Əbdülhəmit Gül çıxışında cəzaçəkmə müəssisələrində təhsil və islah işlərinin məhkumların ailəyə və cəmiyyətə qovuşması üçün çox vacib bir proses olduğunu söyləyib: “Bir cinayətə görə verilən cəzanın əsas məqsədi o cəzanın bir daha təkrarlanmaması və cinayəti törətmiş şəxsin təkrar cəmiyyətə qovuşdurulmasıdır. Bu cəza müddətini bir müddət bu həbsxanada yatmaqla deyil, həmçinin təhsil və mədəni fəaliyyətlər, eyni zamanda reabilitasiya vasitəsilə başa çatdırması önəmlidir”.

Ədliyyə naziri vətəndaşları Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə həyata keçiriləcək kitab hədiyyə kampaniyasına qoşulmağa dəvət edib: “Məhkumlara dəstək olmaq və cəmiyyətə inteqrasiyasını təmin etmək üçün hamınızdan bu sosial məsuliyyət layihəsinə dəstək vermənizi gözləyirik".

Mədəniyyət və turizm naziri M.Ersoy hələ 24 oktyabr 2019-cu ildə ədliyyə naziri ilə imzaladıqları əməkdaşlıq protokolu çərçivəsində həbsxanalardakı kitabxanalara kitab və təhsil dəstəyi verməyə başladıqlarını xatırladıb. Bildirib ki, bu işbirliyi sayəsində ölkə kitabxanalarındakı 17 milyon kitabın, həmçinin 4 milyon nəşrin həbsxana kitabxanaları və məhkumlar üçün əlçatan olması təmin edilib. Həmçinin bu ilin ilk üç ayında həbsxanalara 25 min 500 kitab verilib.

Nazir yeni imzalanan protokolun mahiyyətindən də söz açıb. Qeyd edib ki, protokol xüsusilə şəhərcik şəklində mövcud olan iri həbsxanalarda – məhkumların, həbsxana işçilərinin istifadəsi üçün kitabxanaların qurulmasını nəzərdə tutur.

İlk mərhələdə Ankara-Sincan və Kayseri-Bünyan həbsxanalarında kitabxanalar qurulmağa başlanılıb və tezliklə şəhərcik tipli 11 həbsxanada da belə kitabxanalar yaradılacaq. Mehmet Nuri Ersoy onu da vurğulayıb ki, belə bir təşəbbüsün həyata keçirilməsi sayəsində məhkumların son nəşrləri daha tez əldə etməsi təmin olunacaq.

Mehparə SULTANOVA
Ankara