Özbəkistanın "Mədəniyyət və mərifət" telekanalında Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan “Qızıl körpü” (“Oltin ko'prik”) sənədli filmi nümayiş etdirilib.

Özbəkistandakı səfirliyimizin nəzdindən fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında lentə alınan filmin  çəkilişləri Özbəkistan Dövlət Film Fondunun dəstəyi ilə Daşkənddəki “First Art Media” şirkəti tərəfindən həyata keçirilib.

Ekran əsərində iki qardaş ölkə arasındakı tarixi əlaqələr, dostluq münasibətləri, eyni soy-kök, mədəniyyət, adət və ənənələrə malik xalqlarımız arasında mədəni-ədəbi əlaqələr və bu istiqamətdə həyata keçirilən çoxsaylı layihələr barədə məlumat verilir. Filmdə Azərbaycan Mədəniyyət Mərkəzinin reallaşdırdığı layihələr və ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın inkişafına verdiyi töhfələr geniş işıqlandırılıb.

Sənədli filmdə AMM-in direktoru Samir Abbasov, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin rektoru, professor Şuxrat Siracəddinov və Özbəkistan Dövlət Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri, professor Firuzə Abduraximovanın iki ölkənin ədəbi-mədəni əlaqələri barədə fikirlərinə yer verilib. Filmdə Prezident İlham Əliyevin 2010-cu ildə Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin açılış mərasimdə çıxışına da yer verilib: “Bu mərkəz, əslində, Azərbaycan-Özbəkistan dostluğunun təcəssümüdür. Mərkəzdə, eyni zamanda, Azərbaycan-Özbəkistan dostluq muzeyi də fəaliyyət göstərir. Azərbaycan Mədəniyyət Mərkəzi ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu da çox əlamətdar haldır. Çünki ulu öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan ilə Özbəkistan arasındakı əlaqələrin inkişafı üçün böyük səylər göstərmişdir.”

Ekran işinin sonunda Özbəkistanın tanınmış şairi Arif Toxtaşın “Bir ailə fərzəndidir” (övladıdır) şeiri səsləndirilir və bir daha iki ölkənin tarixi dostluğuna ekskursiya edilir.

Filmin tam versiyasını https://www.youtube.com/watch?v=yanbEmcxnlU linki vasitəsilə izləmək mümkündür.