Azərbaycan Milli Kitabxanası “Nizami Gəncəvinin əlyazmaları dünya kitabxanalarında” mövzusunda videokonfrans keçirib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açılış nitqində Prezident İlham Əliyevin sərəncamı ilə dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illik yubileyi münasibətilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinin mühüm mədəni əhəmiyyət daşıdığını vurğulayıb.
“Nizami Gəncəvi İli”ndə Milli Kitabxananın da iştirakı ilə bir sıra layihələrin reallaşdırılacağını deyən direktor mart ayının əvvəlində Türkiyənin Ankara və İstanbul şəhərlərində kitab sərgilərinin təşkil olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, Milli Kitabxana tərəfindən 2012-ci ildə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından Nizami Gəncəvinin biblioqrafiyası nəşr edilib. Bu ilin sonuna kimi daha bir fundamental biblioqrafiya çap olunacaq.
Kərim Tahirov daha sonra Mədəniyyət Nazirliyi və Milli Kitabxananın Heydər Əliyev Fondunun və onun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi barədə məlumat verib. Bildirib ki, son iki ildə bu layihə çərçivəsində dünyanın milli kitabxana və muzeylərində mühafizə edilən 58 əlyazmanın surəti Milli Kitabxanaya gətirilib və onların içərisində dahi Nizaminin əsərlərinin əlyazmaları da var. Milli Kitabxana bu işi “Nizami Gəncəvi İli” çərçivəsində də davam etdirir. Hazırda Çexiya, Rumıniya, Misir, Rusiya, Türkiyə, Bosniya və Hersoqovina, İran və digər ölkələrin milli kitabxanalarında olan əlyazmaların elektron nüsxələrinin Azərbaycana gətirilməsi istiqamətində addımlar atılır.
Videokonfransda çıxış edən Türkiyənin Kastamonu Universitetinin professoru Vüsalə Musalı Milli Kitabxana tərəfindən tərtib olunan biblioqrafiyaları yüksək dəyərləndirərək, onların tədqiqatçılar üçün mühüm informasiya mənbəyi olduğunu bildirib. O, öz axtarışları nəticəsində dünyanın müxtəlif kitabxanalarından nüsxələrini əldə etdiyi əlyazmalar barədə məlumatları bölüşərək, Nizami əlyazmalarının Mançestr nüsxəsini Milli Kitabxanaya elektron versiyada göndərəcəyini bildirib.
BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekan vəzifəsini icra edən dosent Ələmdar Cabbarlı universitetdə Nizami Gəncəviyə həsr olunan tədbirlərdən söz açıb. O, Nizami ilə bağlı həm fundamental biblioqrafiyanın tərtibi, həm də dünya kitabxanalarında saxlanılan əlyazmalarının ölkəmizə gətirilməsini ədəbiyyatımıza və mədəniyyətimizə təqdirəlayiq xidmət olduğunu qeyd edib.
Tədbirin sonunda professor Kərim Tahirov çıxış edərək Nizami əlyazmalarının əldə olunmasına göstərdiyi təmənnasız köməyinə görə Milli Kitabxananın kollektivi və oxucuları adından Vüsalə Musalıya təşəkkürünü bildirib və xaricdə yaşayan ziyalı həmvətənlərimizi bu xeyirxah işə qoşulmağa çağırıb.