Vətən uğrunda canını və qanını əsirgəməyən qəhrəman şəhidlərimizin xatirəsini əziz tutmaq, qazilərin qayğıları ilə maraqlanmaq hər birimizin borcudur. Çünki onların fədakarlığı, şücaəti sayəsində builki Novruz bayramını Zəfər ruhu ilə qeyd etdik. Bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları builki bayrama – ruhumuzun təntənəsinə tarixi Qələbənin sevincini qatan igidləri unutmayıblar.

Ağdaş Regional Mədəniyyət İdarəsi Göyçay şəhər Arif Məmmədov adına Uşaq musiqi məktəbinin direktoru Rövşən Zamanov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin sədri Nəriman Məlikov və məktəbin bir qrup müəllimi Novruz bayramı münasibətilə əvvəllər bu musiqi məktəbində qarmon müəllimi işləmiş Vətən müharibəsi şəhidi Alim İbrahimovun Ucar rayonunun Qazıqumlaq kəndində yaşayan ailəsi ilə görüşüblər.

***

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhəri Turan qəsəbə Uşaq musiqi məktəbinin kollektivi Novruz bayramı günlərində Turan qəsəbəsi, Qaraqoyunlu, Qozlubulaq və Qayabaşı kəndlərində yaşayan şəhid ailələrini ziyarət edərək, onlara bayram sovqatları çatdırıblar.

Balakən rayon Mədəniyyət Mərkəzinin, Şərif kənd Sənətkarlıq klubunun və Yeni Şərif kənd Sənətkarlıq evinin əməkdaşları Vətən müharibəsi qaziləri Rəsul Şabanov, Pərviz Urkayev və Məhəmməd Musayevi evlərində ziyarət edərək onlara maddi və mənəvi dəstək göstəriblər.

Zaqatala rayon Heydər Əliyev Mərkəzinin, Olimpiya İdman Kompleksinin və Gənclərin İnkişaf və Karyera Mərkəzi rayon nümayəndəliyinin əməkdaşları Aprel döyüşlərinin şəhidi Rəvan Nuriyevin, Vətən müharibəsi şəhidləri Elvin Məmmədov və Abdurahman İsrafilovun ailələrinə baş çəkiblər.

Zaqatala rayon Dağlı kənd Folklor evində Vətən müharibəsinin iştirakçıları ilə “Qarabağlı Novruzum” adlı görüş keçirilib.

Oğuz rayon Heydər Əliyev Mərkəzinin kollektivi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Anar Əliyevin ailəsi ilə görüşüb.

***

Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Mədəniyyət Mərkəzinin İbrahimhacılı kənd Folklor klubu və Qovlar şəhər 1 nömrəli Folklor klubu filiallarının əməkdaşları Novruz bayramı münasibətilə Vətən müharibəsi qazisi Nofəl Kalvalıyevlə görüşüblər.

***

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı və idarənin rəis müavini Vaqif Alıyev bir qrup mədəniyyət işçisi ilə Vətən müharibəsi şəhidi, əvvəllər mədəniyyət sahəsində çalışmış Elzamin Tağıyevin ailə üzvləri ilə görüş keçiriblər.

***

Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və mərkəzin könüllüləri Vətən müharibəsi şəhidi Vahıb Əliyevin doğum günündə onun məzarını və ailəsini ziyarət ediblər.

***

Masallı Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı rayon komitəsinin təşkilatçılığı ilə mədəniyyət işçiləri Masallı şəhərində şəhid Vüsal Hadıyevin ailəsinə baş çəkərək problemləri ilə maraqlanıblar. Aksiya iştirakçıları həmçinin rayonun Ərkivan qəsəbəsində və Hişkədərə kəndində şəhid Famil Əlizadənin, leytenant Zaur Hüseynovun və Vüsal Məhərrəmovun ailələrini, Rudəkənar kəndində isə qazi Arzuman Həbibovu ziyarət ediblər.

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva və ictimaiyyət nümayəndələri Ərkivan qəsəbəsində şəhid mayor Anar Novruzovun, Hişkədərə kəndində leytenant Zaur Hüseynlinin, Çaxırlı kəndində çavuş Namiq Bağırovun, Qarğalıq kəndində gizir Elvin Əzizovun, İmanlı kəndində əsgər Məhəmməd Vəliyevin və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin ailələri ilə görüşüblər.

***

Sumqayıt Regional Mədəniyyət İdarəsi Zəngilan rayon Bartaz kənd Uşaq musiqi məktəbinin (Bakı şəhəri, Binəqədi rayonu) müəllim kollektivi Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın valideynlərini ziyarət edib.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzi Goranboy nümayəndəliyinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Sahil Rəsulovun ailəsi ilə görüş keçirilib.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanası Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti Mehrab Niftəliyevə həsr olunmuş “Qələbəni bizə yaşadanları yaşadaq” adlı onlayn tədbir keçirilib.

Quba rayon MKS-nin Qəçrəş və Qalaxudat kənd kitabxanalarının əməkdaşları Vətən müharibəsi iştirakçısı, baş leytenant Murad Babayevi və Vətən müharibəsi şəhidi, baş leytenant Ruslan Bayramovun ailəsini ziyarət ediblər.

Qusar rayon Heydər Əliyev Mərkəzində “Milli-mənəvi dəyərlərə sadiq, qalib Azərbaycan” mövzusunda vebinar keçirilib.