Azərbaycan cazı haqda ədəbiyyat kitabxanası yeni nəşrlə – musiqişünas və jurnalist Natəvan Hüseynovanın “Azərbaycanda caz. XX əsr” kitabı ilə zənginləşib.

Kitabın əsasını müəllifin 1991-ci ildə bəstəkar və musiqişünas, Əməkdar incəsənət xadimi Elnarə Dadaşovanın elmi rəhbərliyi altında yazdığı “Azərbaycanda caz-muğamın yaranması və təşəkkülünün tarixi zəminləri” mövzusunda yazdığı diplom işi təşkil edir.

Müəllif XX əsrin əvvəlindən 1969-cu ilədək – caz-muğamın yarandığı vaxtadək caz sənəti elementlərinin yaranıb inkişaf etməsini nəzərdən keçirib, cazın erkən elementlərinin Azərbaycana daxil olmasının şərtləri və yolları, respublikamızda ilk Dövlət Caz Orkestri üçün zəmin hazırlayan ansambllarının fəaliyyət dövrü araşdırıb, eləcə də sovet hökuməti tərəfindən 1948-ci ilədək caz sənətinin ölkədə yayılmasına əlverişli şərait yaradılmasının səbəbləri barədə söz açıb.

Sovet İttifaqında incəsənətdə formalizm və “zərərli bədii əsərlər”lə (V.Muradelinin “Böyük dostluq” operası timsalında – red.) mübarizə haqqında məşhur 1948-ci il fərmanından sonra caz sənətinin və musiqiçilərin aqibəti necə olub? Təxminən 10 il müddətində anderqraund səviyyəsində caz sənəti necə yaşayıb və siyasətdə “ottepel”  (mülayim ovqat) dövrünün başlanması bu sənətə necə təsir göstərib? Bu suallarla yanaşı, tədqiqat işində 1969-cu ildə “Qızıl payız” festivalında Vaqif Mustafazadənin ifasında caz-muğam səslənməsi və görkəmli cazmenin taleyi, eləcə də Azərbaycan cazının inkişafında mühüm xidmətləri olan Tofiq Quliyev, Pərviz Rüstəmbəyov haqqında söz açılır.

Kitabın II hissəsi XX əsrin 70, 80 və 90-cı illərində caz sənətinin təşəkkülü və inkişafına həsr edilib. Bu bölümü müəllif 2004-2005-ci illərdə Hollandiyanın Utrext Universitetinin Musiqişünaslıq fakültəsində təhsil aldığı zaman işləyib. Holland dilində yazılan bu tədqiqat işi professor Kue Him Yonqun rəhbərliyi altında aparılıb.

“Azərbaycanda caz. XX əsr” kitabına müəllifin caz sənətimizin tanınmış simaları – Tofiq Quliyev, Rauf Hacıyev, Tofiq Mirzəyev, Rafiq Babayev, Vaqif Səmədoğlu, Teymur Mirzəyev, eləcə də Vaqif Mustafazadə və Pərviz Rüstəmbəyovun qohumları ilə apardığı söhbətləri, David Koyfman, Tamaz Kuraşvili, Rafiq Seyidzadə, Əzizə Mustafazadə, Şahin Növrəsli ilə müsahibələri də yer alıb.