Türk respublikalarının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən təşkil olunan sərginin Türkiyənin şəhərlərində səyyar nümayişi davam edir. Belə tədbirlərdən biri martın 30-da Biləcik şəhərində yerləşən Şeyx Edebali Universiteti ilə birlikdə təşkil olunub.

Sərginin açılışında TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Şeyx Edebali Universitetinin rektoru Şükrü Baydemir, Biləcik Bələdiyyəsinin başqanı Semih Şahin, Biləcik Azərbaycan Qardaşlıq Dərnəyinin sədri Rafiq Qurbanov və çox sayda dəvətlilər iştirak ediblər.

Universitetin kitabxanasında təşkil olunan sərgidə  Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın bu respublikaların fotoqraflarının obyektivində əks olunan görüntüləri maraqla qarşılanıb.

Tədbir çərçivəsində qonaqlar TÜRKSOY tərəfindən çap edilən kitablarla da tanış olublar.

Mərasimdə çıxış edən rektor Şükrü Baydemir TÜRKSOY-un təşəbbüsünü yüksək qiymətləndirib: “Türk respublikalarının müstəqilliyinin 30-cu ildönümü münasibətilə bu sərgini universitetimizdə açmaqdan çox məmnunuq. TÜRKSOY-un sərgidə təqdim etdiyi nəşrləri universitetimizin kitabxanasına bağışlayacağına da çox sevinirik. Ölkəmizdə keçirilən ənənəvi “Kitabxana həftəsi”ndə bizə belə bir hədiyyə edən TÜRKSOY-a təşəkkür edirəm”.

Düsen Kaseinov isə bildirib ki, TÜRKSOY üzv ölkələrindən aldığı güclə türk xalqları arasında qarşılıqlı mədəni və sənət əlaqələrinin gücləndirilməsinə yönəlmiş bir çox layihələr həyata keçirir: “Türk dünyası fotoqraflarının çəkdiyi şəkillərdən ibarət olan bu sərgi ilə üzv ölkələrimizin müstəqilliyinin 30-cu ildönümü tədbirlərini böyük həvəslə davam etdiririk. Sərgi Türkiyənin bir çox şəhərlərində insanlarla görüşməyə davam edəcək”.

Qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın tarixi-mədəni irsi və müasir inkişafını əks etdirən fotoların yer aldığı sərgi bundan öncə Ankara, İzmir (Seferihisar), Aydın, Dənizli və İsparta şəhərlərində nümayiş olunub.

Mehparə SULTANOVA
Ankara