44 günlük Vətən müharibəsində qəhrəman oğullarımızın şücaəti sayəsində xalqımız şanlı Qələbə sevincini yaşadı. Mədəniyyət sahəsində çalışan, sənətdə uğur qazanan gənclərimiz də haqq mübarizəmizin ön sıralarda oldular. Belə gənclərdən biri də Azərbaycan Milli Konservatoriyasının (AMK) tar ixtisası üzrə 4-cü kurs tələbəsi Fərid İlham oğlu Atazadədir.

Fərid Atazadə Bərdə rayonunun Şirvanlı kəndində anadan olub. Fərahim Quliyev adına 2 nömrəli Musiqi məktəbinin tar sinfində təhsil alıb. 2011-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinin tar ixtisasına qəbul olunub, 2015-ci ildə təhsilini başa vurub. 2017-ci ildən Milli Konservatoriyada tar ixtisası üzrə təhsilini davam etdirir. Eyni zamanda Bakı Humanitar Kollecində müəllim işləyir. 

Gənc tarzən 2020-ci ilin iyun ayında Şimali Makedoniyanın Ohrid şəhərində keçirilən VII Beynəlxalq onlayn musiqi müsabiqəsində iştirak edib. 25 ölkədən 450-yə yaxın musiqiçinin qatıldığı müsabiqədə, münsiflərin heyətinin qərarına əsasən, Fərid ən yuxarı nəticə ilə (100 bal) laureat adına və I yerə layiq görülüb. O, həmçinin mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edir.

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində igid oğullarla bir sırada cəbhəyə gedən Fərid Atazadə sevdiyi tar alətini silahla əvəzləyib. Suqovuşan, Kəlbəcər istiqamətlərində gedən ağır döyüşlərə qatılıb, bir sıra əhəmiyyətli mövqelərin, kəndlərin azad edilməsində iştirak edib.

Gənc tarzənə bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq.