Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 31 mart –Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı videokonfrans keçirildi. Əvvəlcə Mart soyqırımı zamanı və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzin direktoru Dürriyə Seyidova ermənilərin xalqımıza qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımlarından söz açdı, 1918-ci ilin Mart qırğınları haqqında məlumat verdi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ucar şöbəsinin müdiri Əzim Rəfiyev “böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlarının hələ 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, 1918-ci ilin mart ayından etibarən xalqımıza qarşı misli görünməmiş soyqırımı törədən ermənilər on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirib, yaşayış məntəqələrimizi, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə yeksan edilib.

Heydər Əliyev Mərkəzinin əməkdaşı Xəyyam Məlikov xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətlərin real faktlar, dəlillər əsasında beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağın əhəmiyyətini vurğuladı.

Kürdəmir rayon MKS-nin direktoru İradə Mahmudova qeyd etdi ki, Stepan Şaumyanın rəhbərlik etdiyi erməni-bolşevik quldur dəstələri dinc insanları qətlə yetirməklə yanaşı, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.

İ.Mahmudova kürdəmirli tarixçi Ağa Zeynallının “Kürdəmir faciəsi və Qafqaz İslam Ordusunun qurtuluş savaşları” kitabında 1918-ci ilin iyun-iyul aylarında rayon ərazisində törədilmiş qırğınlar barədə məlumatların əksini tapdığını diqqətə çatdırdı.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ucar şöbəsinin əməkdaşları Sədi Hüseynov və Səbuhi Dadaşov son illərdə əldə edilmiş yeni faktların 1918-ci ildə erməni millətçilərin qanlı aksiyalarının coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu bildirdilər.

Məryəm ƏLİYEVA
Kürdəmir rayon MKS-nin baş biblioqrafı